Yeni Wi-Fi standartı təsdiq olunub

Cnews-un məlumatına görə, Wi-Fi Alliance konsorsiumu məhsulların Wi-Fi 802.11ac simsiz rabitə standartına uyğun sertifikatlaşdırılmasına başlanıldığını elan edib. Bu isə  yeni standart tam təsdiqlənməsi və kommersiya bazarına çıxışa hazır olması deməkdir.

 

Yeni standart Wi-Fi texnologiyasının məntiqi davamdır və məlumatların simsiz ötürülməsinə artmaqda olan tələbata cavab verməlidir. Wi-Fi 802.11ac yaşayış yerini tam əhatə etməklə məlumatları 1,3 giqabit/saniyə sürəti ilə ötürməyə imkan verir ki, bu da Wi-Fi 802.11n standartı ilə müqayisədə təxminən 2 dəfə çoxdur. Bu, HD formatlı filmləri 4 saniyədən də az vaxtda ötürməyə şərait yaradacağı bildirilir.

 

Həmçinin yeni standartda 80 MHz və 160 MHz kanallarından 5 QHz diapazonunda istifadə etmək təklif edilib. 802.11ac qurğularının əksəriyyətinin 802.11n standartının istifadə etdiyi 2,4 QHz dəstəkləyən ikidiapazonlu olacağı gözlənilir.

 

Konsorsium nümayəndələri 802.11ac sertifikatlı ilk qurğuların yaxın vaxtlarda satışa çıxarılacağını planlaşdırırlar.