Yeni kollayderin inşasına başlanılır

Əksər ölkələrin fizikləri Böyük Adron Kollayderinin varisi olacaq yeni nəsil sürətləndirici – Beynəlxalq Xətt Kollayderinin (International Linear Collider, ILC) texniki layihəsi üzərində işi başa çatdırıblar.

 

Böyük Adron Kollayderi ümumilikdə müasir fizikanın inkişafına, eləcə də Hiqqs bozonunun axtarışına əhəmiyyətli töhfə verir. Lakin elm yerində durmur və indi alimlər yeni sürətləndirici yaradacaqlarına ümid edirlər.

 

Cybersecurity-nin məlumatına görə, eyni anda dünyanın müxtəlif hissələrində keçirilən 3 mərasimdə ictimaiyyətə yeni layihə – Beynəlxalq Xətt Kollayderi haqqında məlumat verilib. Bu 30 kilometrlik halqa iş zamanı fiziklərə Yer kürəsinə əhəmiyyətli təsir edən tünd maddə və tünd enerji barədə məlumatlar verməlidir. Çərşənbə günü Tokio, Cenevrə və Çikaqoda ILC haqqında texniki məlumatlar dərc edilib.

 

Bu gün layihənin hazırlanmasına 1000-ə yaxın alim cəlb edilib, nəhəng fizika qurğusunun tikintisinə isə 8 milyard dollaradək vəsaitin xərclənəcəyi gözlənilir. Bununla yanaşı, hazırda ILC harada yerləşəcəyi hələ ki müəyyənləşməyib.
Mütəxəssislərin sözlərinə görə, vəzifəsi Hiqqs bozonunun axtarışından ibarət olan Böyük Adron Kollayderindən fərqli olaraq Xətt Kollayderi başqa elmi vəzifəni yerinə yetirəcək. Sözügedən sürətləndirici elektron, anti-elektron və ya pozitronları toqquşduracaq. ILC iki sürətləndirici xətdən ibarət olacaq və onların hər biri uzunluğu 30 kilometr olan tunelin içində yerləşəcək. Kollayder eyni anda 10 milyard elektron və pozitronu toqquşduracaq. Enerji toqquşması saniyədə 14 min dəfəyə yaxın baş verərək 500 milyard elektrovoltluq enerji hasil edəcək.

 

Fiziklər bildirirlər ki, kollayderdə Böyük partlayışın ilk anlarından sonra mövcud olan vəziyyətə oxşar şərait yaradılacaq, lakin diqqəti Hiqqs bozonunda cəmləşmiş Böyük Adron Kollayderindən fərqli olaraq yeni kollayder materiyaya maddə/antimaddə mövqeyindən yanaşacaq.

mənbə : http://www.mincom.gov.az