Yahoo! Direktorlar Şurası Tumblr-un Alınmasını Təsdiqləyib

Yahoo! internet şirkətinin Direktorlar Şurası Tumblr bloqhostinqinin satın alınmasına dair sazişi təsdiqləyib. Bu barədə Lenta yazır.

Sövdələşmənin dəyəri 1,1 milyard dollar təşkil edəcək. Tərəflər sövdələşmənin dəyərini rəsmən şərh etməsələr də, şirkət rəhbəri Marissa Mayer bazar ertəsinə mətbuat konfransı təyin edərək bu barədə danışmağı planlaşdırır.

Məlumat verildiyi kimi, Yahoo! daha gənc auditoriyanı cəlb etmək və yenidən aparıcı şirkət olmaq üçün Tumblr bloqhostinqi satın almaq istəyib.

Qeyd edək ki, mətn, təsvir və videonu dərc etməyə imkan verən Tumblr 2007-ci ildə təsis edilib və servis istifadəçilərinin yarıdan çoxunun yaş həddi 25-dən aşağıdır. Cari ilin yanvarında Forbes jurnalı Tumblr-u 800 milyon dollar dəyərində qiymətləndirib.

M.Mayerin 2012-ci ilin yayında şirkət rəhbərliyinə gəldikdən sonra şirkət bir sıra iri alışlar edib, xüsusilə Summly xəbərlər servisini satın alıb. Bundan başqa, Yahoo! Dailymotion videohostinqinin alınması ilə bağlı danışıqlara başlayıb və Path mobil sosial şəbəkəsinə maraq göstərib.