Windows 8 sistemini gözlə idarə edəcəyik

Son 10 ildir ki, İsveç şirkəti Tobii kompüter üzərində yalnız klaviatura, siçan və ya touchpad’lə deyil həmçinin gözlə idarə etmə imkanı yaradan GAZE texnologiyasının üzərində çalışır. Şirkət keçən ilki CES 2012 sərgisində Window 8 üçün işlək prototip göstərmişdi. Növbəti CES 2013 (8-11 yanvar tarixlərində keçiriləcək) sərgisində isə şirkət artıq Window 8 sistemi ilə işləyən istənilən cihaz üçün GAZE funksionallığını dəstəkləyən ilk cihazını təqdim edəcək.

Tobii REX adlı cihaz Windows 8 istifadəçilərinə gözlə və siçanın köməyi ilə şəkillərin böyüdülməsi, bu vəya digər əməliyyatların seçilməsi və naviqasiyası üçün imkan yaradır.
tobii-rex1

Bunun üçün REX monitorun aşağı hissəsinə bərkidilir və kompüterin USB portuna qoşulur. REX bir düymənin sıxılması və gözlərin izlənməsi ilə əməliyyat sisteminin interfeysini daha rahat və sürətli idarə etməyə imkan verir. O siçanı, klaviaturanı və ya touchpadi əvəz etmir, onları tamamlayır. Sadəcə olaraq indi siçanı o yan bu yana sürüşdürməyə ehtiyac olmayacaq, bunu sizin gözlərinizi izləyən REX edəcək. Sizə qalan sadəcə gözlərinizlə lazım olan elementi seçdikdən sonra düyməni sıxmaq olacaq.
tobii-rex-1

Tobii şirkətinin bu ilki planında bu cihazdan cəmisi 5000 ədəd buraxmaq var. Qiyməti isə hələ ki açıqlanmır. Düzdür GAZE texnologiyasını dəstəkləyən tətbiqetmələr yazmaq istəyən web developerlər üçün REX Developer Edition komplekti artıq satışda var. Onu bazarda 995 dollara təqdim edirlər. Tobii şirkətinin dediyinə görə sadə istifadəçilər üçün təklif olunan variant web developerlər üçün olan variantdan daha fərqli olacaq. Böyük ehtimal o daha yığcam və daha ucuz olacaq.