Windows Phone-a maraq azalır

Tezliklə bazarda Windows Phone əməliyyat sistemin idarəetməsi ilə işləyən yalnız bir smartfon istehsalçısı – Nokia şirkətinin qalacağı gözlənilir. Tayvan istehsalçılarının verdiyi məlumata görə, digər şirkətlərin Microsoft korporasiyasına məxsus platformaya marağı getdikcə azalır. Çünki bir tərəfdən onları Windows Phone 8-in bazardakı kiçik payı, digər tərəfdən əməliyyat sisteminin sahib çıxdığı yerlərin də Nokia-nın nəzarəti altında olması narahat edir. Windows Phone 8 bazarda planlaşdırılan 10 faiz əvəzinə, cəmi 3 faizə sahib çıxa bilib və bütün WP-qurğuların satış həcminin 70 faizindən çoxu Lumia istehsal xəttindən olan smartfonların payına düşüb.

 

Windows Phone 8 bazasında hər biri 1 ağıllı telefon modeli təqdim edən Samsung, HTC və Huawei şirkətləri hələ ki yeni qurğular buraxmağa tələsmirlər. Acer, ASUS və ZTE şirkətləri sistemə maraq göstərsələr də, son nəticədə modellərin istehsalını qeyri-müəyyən müddətə təxirə salıblar.