Windows Phone 8 Tətbiqetmələri

Bu məqaləmizdə seçdiyimiz və sizin üçün vacib bildiyimiz tətbiqetmələri təqdim edəcəyik. Seçdiyimiz tətbiqetmələr heç də yeni mobil əməliyyat sisteminin bütün imkanlarını təmin etmir. Bundan başqa da kifayət qədər faydalı və rəngarəng tətbiqetmələr tapmaq mümkündür. Bu siyahıda sadəcə ən çox istifadə olunan və telefonunuzda olması gərəkən tətbiqetmələrdən bəhs edirik.

1. Facebook

Facebook tətbiqetməsi sayəsində siz bilinən bir çox mobil Facebook imkanlarına sahib olacaqsınız. Dostlarınız, əzizləriniz və ailənizlə əlaqəni hər zaman qorumaq, onlarla məlumatları bölüşmək, statuslar yayımlamaq, dostluq təkliflərini qəbul etmək, foto şəkillər yayımlamaq, videolar paylaşmaq və bir sıra digər imkanlara sahib olacaqsınız. Eyni zamanda Facebook Chat tətbiqetməsindən istifadə edərək mesajlaşmanı daha da asan hala gətirə bilərsiniz.

2. Twitter

Siz dünyada və Azərbaycanda nələr baş verdiyini daima izləyə bilərsiniz. Digər əməliyyat sistemləri üçün işlək olan Twitter tətbiqetmələrindən əsasən interfeysi ilə fərqlənir. Bu tətbiqetmə sayəsində siz yeni mikrobloqlar bölüşə bilər, izləyicilərinizə bir başa mesaj göndərə, trend mövzuları izləyə, foto şəkillər paylaşa bilərsiniz.

3. Spotify

Spotify istifadə edərək siz musiqi dünyası ilə hər zaman yaxın ola bilərsiniz. Milyonlarla musiqi parçalarını onlayn rejimdə oxuda bilərsiniz. Premium paket istifadə edərək isə oflayn rejimdə seçdiyiniz musiqiləri internetə qoşulmadan belə oxutma imkanına sahib olacaqsınız. Spotify istifadə edərək siz eyni zamanda dostlarınızın musiqi siyahısını da dinləyə bilərsiniz.

4. Instacam

Bildiyiniz kimi Instagram bazarda öz sözünü dedikdən sonra bir çox yeni bənzər xidmətlərə sahib tətbiqetmələr yarandı. Foto şəkil effektləri üçün yaradılmış tətbiqetmələrdən biri də Instacam hesab olunur. 23-dən çox şəkil effekti və 9 ədəd çərçivə ilə öz rəqiblərini geridə qoyan tətbiqetmə sayəsində siz şəkillərinizi ən çox istifadə olunan sosial şəbəkələrdə, eləcə də Facebook, Twitter, Tumblr, Flickr kimi sosial şəbəkələrdə paylaşa bilərsiniz.

5. Foursquare

Bu tətbiqetmə sayəsində siz ətrafınızdakı bir sıra yeni məkanları kəşf edəcək, kəşf etdiyiniz məkanları dostlarınıza məsləhət görəcək, məkanlar haqqında fikirlərinizi bildirəcəksiniz. Foursquare sayəsində siz təklif olunan endirim və güzəştlərdən istifadə edə bilərsiniz. Dostlarınızın məsləhətlərindən istifadə edərək restoranlarda, mağazalarda vaxt itirmədən ən doğru addımı atacaqsınız. Yeni tətbiqetmə bir sıra dillərdə mövcuddur.

6. Netflix

Dünyanın ən məşhur kino və video abunə sistemi olan Netflix artıq Windows Phone 8 üçün də mövcudluğunu davam etdirir. Bu tətbiqetmə sayəsində siz minlərlə filmlərə, videolara və fraqmentlərə telefonunuzda baxa bilərsiniz.

7. Dropbox

Bu tətbiqetmə sayəsində siz tekst fayllarını dəyişdirə və digər müxtəlif format (Word, Excel, PDF və s.) sənədləri telefonda nümayiş etdirə bilərsiniz. Ofis sənədlərindən əlavə şəkilləri, musiqi, video sənədləri də saxlaya, bölüşə, nümayiş etdirə bilərsiniz. Qovluqları əsas ekrana göndərə, adlandıra, adlarını dəyişdirə bilərsiniz. Bir sıra digər maraqlı funksiyalarla birlikdə, yeni interfeys Dropbox-u hər zamankindən daha da maraqlı və asan hala gətirib.

Bəs sizcə ən maraqlı Windows Phone 8 tətbiqetməsi hansıdır?