Windows 8.1-in beta versiyası işıq üzü görüb

Microsoft korporasiyası Windows 8.1 əməliyyat sisteminin beta versiyasını buraxıb.

 

Windows 8.1 Windows 8 əməliyyat sistemi üçün yenilənmədir və ƏS-də mövcud olmayan funksiyaları özündə birləşdirir. Belə ki, yeni sistemdə iş masasının panelinə “Start” düyməsi geri qaytarılıb.

 

Lakin “Start” düyməsi Windows 7-də və əməliyyat sisteminin daha əvvəl buraxılan versiyalarında olduğu kimi işləmir. Düyməyə basan istifadəçi “Start” menyusunu görməyəcək. Bunun əvəzinə isə sistemin köklənməsindən asılı olaraq, ya “Canlı plitkalı” “Start” ekranı, ya da kompüterdə quraşdırılan bütün proqramların siyahısı açılacaq.

 

Microsoft axtarış funksiyasını da təkmilləşdirib. İndi funksiyanın köməyi ilə kompüterdə təkcə faylları və proqramları deyil, həm də Bing axtarış sistemi vasitəsilə internetdə məlumat axtarmaq olar. Bundan əlavə, SkyDrive-da və əlavə tərtibatçılarının icazə verəcəyi təqdirdə əlavələrdə axtarışın aparılması dəstəklənir.

 

Windows 8.1-də “Canlı plitka”lar Windows 8-də olduğu kimi ikiölçülü deyil, dördölçülüdür. İndi onları idarə etmək daha asandır, çünki “plitka”ları ayrı-ayrı deyil, qrup şəklində bir yerdən digər yerə köçürmək mümkündür. Hazırda bir ekranda eyni vaxtda 4-dək Metro əlavənin açılmasına icazə verilir. Həmçinin əlavələrin pəncərələrinin ölçülərini dəyişmək olar.

 

Sistemi Microsoft saytından və ya Windows Store mağazasından yükləmək mümkündür.

mənbə: http://www.mincom.gov.az