Veb təhlükəsizlik mövzusunda reallaşan müsabiqənin nəticələri elan olundu!

“Delta Telecom”un sponsorluğu və DMX XRITDA (Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (cert.gov.az) texniki dəstəyi ilə “Hackathon Azerbaijan” layihəsi çərçivəsində, Azərbaycanda ilk dəfə veb təhlükəsizlik mövzusunda həyata keçirilən müsabiqə yekunlaşıb. Bu münasibətlə 19 Mart 2013-cü il saat 19:00-da müsabiqənin nəticələri elan olundu.

Tədbirdə 6-17 mart tarixlərini əhatə edən müsabiqənin final mərasimində qaliblərin adları açıqlanmış, veb təhlükəsizlik mövzusunda xüsusi təqdimatlar gerçəkləşdirilmişdir. Qaliblərə xüsusi hədiyyələrin və pul mükafatları təqdim olunmaqla bərabər bu sahənin problem və perspektivləri müzakirə olunmuş, yarışmaya hazırlıq prosesinin gedişatı haqqında ətraflı məlumat verilmişdir. Qeyd edək ki, 1-ci yerin sahibi xüsusi hazırlanmış “Webhack” kuboku və 2000 manat məbləğində pul mükafatı ilə təltif olunmuşdur. Bu sahədə keçirilən ilk yarışma olmasına baxmayaraq böyük maraq və yüksək aktivlik müşahidə edilmişdir.
Məlumat üçün bildirim ki, Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.