Üçrəngli elektron kağız təqdim olunub

E Ink şirkəti üç rəngi canlandıra bilən elektron kağızdan ibarət ekranlar təqdim edib. Ənənəvi ağ və qara rənglərlə yanaşı, displey qırmızı rəngi də göstərə bilir (istəyə uyğun digər rənglə əvəz etmək olar).

Ekranın yaradıldığı texnologiya Spectra adlanır. Oxu qurğularının displeyləri kimi ekran maye ilə dolu mikrokapsullardan ibarətdir, lakin onlarda üç rəngin piqmentləri yerləşdirilib, Lenta yazır.

Spectra ekranında çatışmazlıq onun çalarları – məsələn, boz və ya çəhrayı rəngi göstərə bilməməsindədir. Müqayisə üçün qeyd edək ki, E Ink-in Kindle oxu qurğusunda istifadə olunan Pearl kimi digər displeyləri boz rəngin 16 çalarını verir.

Tərtibatçılar Spectra ekranlarını malların adlarını və qiymətlərini göstərmək üçün ticarət nöqtələrində istifadə etməyi təklif edirlər. Ekranlardakı məlumatları operator pultundan yeniləmək mümkündür.

Displeyin üstünlüyü mənfi temperaturda fəaliyyət göstərə bilməsindədir və məhz buna görə onlar soyuducuların içində quraşdırıla bilər.
Ekranların tədarükünə 2013-cü ilin üçüncü rübündə başlanılacaq.

Oxu qurğuları üçün ağ-qara displeylərdən başqa E Ink şirkəti Triton adlanan rəngli elektron kağız da buraxır. Bu cihaz 16 boz və 4096 rəngin çalarını canlandıra bilir. Triton displeylərinə rəngləri canlandırmaq qabiliyyətini ağ-qara ekranın üztündə yerləşdirilən RGB-filtri təmin edir.

mənbə : mincom.gov.az