Türkiyənin 4 televiziya kanalı “Azerspace-1” peyki üzərindən yayıma başladı

Cənubi Qafqazın yeganə peyk operatoru olan “Azərkosmos” ASC və Türkiyənin bir neçə televiziya kanalı arasında kanalların yayımına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, Türkiyənin region kanalları “Alanya TV”, “Zonguldak TV” və “Aras TV” kanalları, eləcə də “A Shopping TV” kanalı 2 iyun 2016-cı il tarixindən etibarən “Azerspace-1” peyki vasitəsilə 11027/H/7500 tezliyi ilə yayımlanmaqdadır.

Qeyd edək ki, Türkiyədə geniş izləyici kütləsi olan adıçəkilən region kanallarında əsasən, əyləncə xarakterli verilişlər, musiqi verilişləri, bədii, sənədli və cizgi filmləri, seriallar nümayiş olunur. Türkiyənin, Rusiyanın, eləcə də Orta Asiyanın  ən çox izlənilən e-ticarət tele alış-veriş kanalı olan “A Shopping TV” kanalı isə digər peyklərlə yanaşı, artıq
“Azerspace-1”  peyki üzərindən də yayımlanır.