The Expendables 2 oyunu

Bir çoxumuzun uşaqlıq film qəhrəmanları artıq ikinci dəfə eyni filmdə yığışırlar. Unudulmaz Hollywood ulduzları “The Expendables” filminin davamında bir daha birləşirlər. “The Expendables 2” filminin də ən az öncəki qədər səs salacağı gözlənilir. Bu filmin məşhurluğundan yararlanmağa çalışan Ubisoft şirkəti fərdi kompüterlər, PlayStation və Xbox üçün oyun istehsal edib. Oyunun əsas özəlliklər, üstünlük və zəif cəhətləri haqqında danışacağıq.

Oyunun gedişatı filmə kifayət qədər uyğunlaşdırılıb. Ümumilikdə çox hərəkətli bir oyun olsa da, bəzi xırda qüsurlar oyunu dözülməz hala gətirə bilir. Oynadıqca hansı obrazları seçəcəyinizi və hansı qəhrəmanlarla oyuna davam edəcəyinizi qərarlaşdırmaq çox asan olur. Çünki bir sıra qəhrəmanların qabiliyət və silahları bəzi qəliz mərhələləri başa vurmaqda kifayətsiz qalır. Demək olar ki, bütün vəziyət və qəliz mərhələlərdə bacarıqlı olan iki qəhrəman olur: Terry Crew və Jet Li. Çünki, bu iki qəhrəmanın silahları və qabiliyətləri digərlərindən qat-qat üstün görünür və yetərli olur.

Solo oyun oynayırsınızsa istədiyiniz zaman oyunçuları dəyişə bilirsiniz. Bu da öz növbəsində az da olsa “nəfəs aldırır”. Bütün oyunu Lundgren obrazı ilə davam etməyi təsəvvür belə etmək mümkün deyil. Bu qəhrəman sadəcə snayper silahından istifadə edir. Bunun tam əksi olaraq oyunun böyük əksəriyəti isə yaxın məsafəli döyüşlərdən ibarətdir. Bu da nişan almanı imkansız hala gətirir.

Oyundakı bir sıra görüntü və video effektlər oyuna əlavə zövq verir. Belə ki, qəhrəmanlar öldürücü həmləni yerinə yetirdikləri zaman kamera onlara yaxınlaşır və xüsusi effektlə düşmənə son verilir. Bu da oyunu monoton və təkrarlardan ibarət dinamikadan xilas edir. Amma ümumilikdə dəyərləndirmək lazımdırsa oyunda monotonluq və maraqsızlıq kifayət qədər çoxdur.

Seçdiyiniz baş qəhrəman zədələndiyi zaman yerdə qalır və digər iştirakçılardan biri gəlib ona sağlamlığını bərpa etmək üçün kömək etməlidir. Solo oynadığınız zaman bu heç də problem deyil. Çünki istədiyiniz zaman oyunçunu dəyişə bilərsiniz. Tam heyətlə oynadığınız zaman isə başqasının sizə köməyə gəlməsi xeyli zaman ala bilər. Bu da arzuolunmaz haldır.

Oyun uğursuz alınmayıb. Amma bu oyuna alternativ ola biləcək kifayət qədər güclü oyunlar var. Bəz siz bu oyunu oynamısınız? Oyun barəsində fikirlərinizi bizimlə bölüşə bilərsiniz.