Təqdirəlayiq təşəbbüs: “Made with love in Azerbaijan” möhürü!

“Jeykhun Imanov Studio” bu günlərdə maraqlı bir lahiyə ilə diqqət mərkəzinə düşüb. Belə ki, studiya  bütün yerli istehsalçıları və ixracatçıları məhsullarının üzərinə “Made with love in Azerbaijan” möhürü qoymağa çağırır.

Lahiyə haqqında studiyanın “Made with love in Azerbaijan” səhifəsinin girişində belə yazılıb:

“Bu gün biz bu və ya digər məhsulun İngiltərə, Almaniya və ya ABŞ-da istehsal olunduğunu eşidəndə, ağlımıza avtomatik olaraq onun keyfiyyətli və faydalı olması gəlir. Bu ona görə baş verir ki, sözü gedən ölkələrin püxtələşmiş keyfiyyət brendi var, hansı ki, uzun illər ərzində müxtəlif ölkələrə ixrac edilən və keyfiyyətə zəmanəti təsdiqləyən lokal biznes və məhsullar sayəsində formalaşıb.

Lakin, bu gün bu ölkələr özlərinə xarici partnyorlar seçirlər və məhsullarının istehsalını və yığılmasını öz ölkələrində deyil, məsələn, Çin, Hindistan və Cənubi Amerika ölkələrində həyata keçirirlər. Buna baxmayaraq, məhsullar bütün dünyada “brend ölkə” məhsulu kimi qəbul olunur, çünki məhz bu ölkələr məhsulun yaradılmasında intellektual mülkiyyətin sahibidir ki, məhz bunlar da keyfiyyətin zaminidir.

Brendin reputasiyası bir günə formalaşmır. Biz ölkəmizin statusunun yaxşılaşdırılması və möhkəmləndirilməsi işini aparmalı və Azərbaycanın “brend”ini yaratmalıyıq.

Biz əminik ki, nəticədə “Made with love in Azerbaijan” brendi keyfiyyətə zəmanət statusunu özündə möhkəmlədərək, biznesə yerli məhsulun irəlilədilməsində və onun müxtəlif ölkələrə ixracında kömək edəcək”.

Biz də NOD Magazine olaraq bu addımı yüksək dəyərləndirir və lahiyənin uğurlu olması üçün istənilən informasiya dəstəyini verməyə hazırıq!