Tələbələr üçün Ucuz Planşet

Öncəki versiyasından daha sürətli olan yeni model Aakash2 planşetləri DataWind şirkəti tərəfindən istehsal olunur və artıq Amerikada təqdimatı keçirilib. Növbəti ilin əvvəlində satışa hazırlaşan Hindistan istehsalı olan bu planşetlərin qiyməti cəmi 40 dollar təşkil edir.

Görəsən bu ucuz planşet hansı imkanlara malikdir? Android əməliyyat sitemi ilə işləyən 7 inç displeyə malik planşet eyni zamanda 512 MB RAM 1Ghz prosessor, 4 GB flaş yaddaş, ön kamera, USB giriş, adaptor kabel girişi və bir illik zəmanət imkanlarına sahibdir. Az qala dünyanın ən ucuz planşeti hesab oluna biləcək Aakash 2-nin istehsalçısı DataWind şirkətinin icraçı direktoru Sunseet Singh Tulinin verdiyi açıqlamaya görə, məhsul əsasən inkişaf etməkdə olan ölkələrdə yaşayan və gəliri az olan insanlar üçün nəzərdə tutulub. Tuli deyir ki, “məhsul sırf kommersiya məqsədi ilə deyil, təhsilə dəstək məqsədilə istehsal olunub”.

Belə ki, Hindistan dövləti hətta məhsulun 20%-ni kompensasiya edərək məhsulun qiymətini 20 dollara endirir. Burda əsas məqsəd bütün tələbələrin planşetə sahib olmasını təmin etmək və asanlaşdırmaqdır. Nəzərdə tutulan kompensasiya təxminən illik 800 milyon dollara bərabərdir. Bu da Hindistanın təhsil büdcəsinin cəmi 5%-ni təşkil edir.

Hindistanın bu təşəbbüsü bir sıra digər ölkələrdə də maraq doğurub. Yeni Aakash planşetini öz təhsil sisteminə gətirməyi düşünməyə başlayan ölkələr arasında Tayland, Türkiyə, Şri-Lanka, Bolivia, Honduras, Nikaraqua, Braziliya və Panama yer alır.

Bəs siz Aakash planşetinə sahib olmaq istərdiniz?