Təbii fəlakət Google-un planlarına qarışdı

Google şirkəti bugünə təyin edilmiş Nexus nəslindən olan yeni smartfon və planşetlərin, həmçinin Android 4.2. təqdimatını təxirə salıb.

Dəvət edilmiş KİV nümayəndələrinə tədbirin “Sandy” qasırğası ilə əlaqdədar olmayacağı barədə xəbərdarlıqlar göndərilib. Təşkilatçılar tezliklə yeni təqdimat tarixini açıqlayacaqlarına söz veriblər.

Sandy qasırğası Atlantik okeanı boyunca ABŞ-ın şərq sahillərinə doğru, 17-20 km/saat sürəti ilə irəliləyir. Sinoptiklərin proqnozlarına görə qasırğa Nyu-Cersi və Nyu-York ştatlarına əhəmiyyətli dərəcədə ziyan vura bilər. Merilend, Pensilvaniya, Virginiya və Kolumbiya ştatının ətraf bölgələrində də fövqəladə hal elan edilib. Təbii fəlakətdən artıq Kuba, Yamayka, Puerto-Riko və Baham adaları zərər çəkib. Hal hazırda təbii fəlakətdən ölənlərin sayı 65 nəfərə çatıb.