Sürücüsüz taksilər dövrü başlanır

Avtomatik idarəetmə ilə ixtisaslaşmış nuTonomy şirkəti Sinqapurda ilk sürücüsüz taksilərin sınağına başlayır. Yeni sistemlə istifadəyə veriləcək maşınlar Renault Zoe və Mitsubishi i-MiEV olacaq.

Hazırda bu layihə test mərhələsindədir və ilkin məlumata görə sərnişinlərin daşınması pulsuz olacaq. Bu taksilərdən istifadə imkanı yalnız nuTonomy şirkətinin dəvət etdiyi insanlar üçün olacaq. Taksini sifariş vermək üçün isə xüsusi telefon üçün proqramdan istifadə olunacaq.

Hazırda sürücüsüz taksilər yalnız Sinqapurun bir rayonu üzrə hərəkət edə bilir. Bundan əlavə maşında hər zaman şirkətin yönləndirdiyi mühəndis oturacaq. O, maşının işləməsi və fövqəladə hallarda sərnişinlərin təhlükəsizliyini təmin edəcək.

nuTonomy şirkəti bildirir ki, test mərhələsindən sonra sürücüsüz taksilərin istifadəsinə 2018-ci ildə başlanacaq.