Startapımız dünyanın 228 layihəsi arasında ilk 25-liyə düşüb

Dünyanın 228 layihəsi arasından seçilən Azərbaycan startapı Yaponiyada keçirilən Qlobal “G-Startup” müsabiqəsində ilk 25-liyə daxil olub.

52 ölkədən təqdim olunmuş və “G-Startup Worldwide Tokyo Top 25” adı altında müəyyənləşən layihələr sırasında Azərbaycanın “BethClip” layihəsi yer alıb.

Növbəti mərhələdə Tokioda qiymətləndiricilər tərəfindən 25 layihə arasından 8 layihə seçiləcək və bu mərhələyə keçmiş layihələrin adları iyunun 24-də müsabiqənin rəsmi Facebook səhifəsində elan ediləcək.

Mükafat fonduna əsasən, ikinci yerin qalibi 20 000 dollar məbləğində investisiya mükafatına layiq görüləcək. İlk yerin qalibi isə 50 000 dollar məbləğində investisiya mükafatı və ABŞ-da keçiriləcək final mərhələsində iştirak etmək üçün Silikon Vadisinə səfər imkanı qazanacaq.

Sentyabrda baş tutacaq  “Startup Worldwide Global Finals”da rəqabəti udanlar 250 000 dollar investisiya ilə mükafatlandırılacaqlar. Finalçılar Google şirkətinin qərargahında 3 günlük butkempdə (komandaya bütün günü məşq imkanı verən mühit) də iştirak edə biləcəklər.

Qeyd edək ki, “BethClip” – “bulud” texnologiyaları əsasında qurulmuş özək üzərində, müxtəlif platformalar və cihazlar arasında çalışan, bir klik vasitəsilə cihazın “clipboard”ındakı mətn, şəkil və ya istənilən məlumatın digər cihaz(lar)a ani ötürülməsini təmin edən proqram tipli xidmətdir.

“BethClip” “QUTechnopark”ın təşkil etdiyi “Yeni Fikir-2014″ün qalibi olub.

Həmçinin “ITU Telecom World”da ən yaxşı KOS (Kiçik və Orta sahibkar) mükafatına layiq görülüb. Layihənin rəhbəri Rəşid Əliyevdir.

Əlavə edək ki, bütün dünyada keçirilən “G-Startup” erkən mərhələdə olan ən innovativ startapları tapmaq, onlara ümumilikdə 1 milyon dollar sərmayə qoymaqla, qlobal şəbəkədə dəstəkləmək, eyni zamanda qalib startaplara innovasiya gücü ilə dünyanı dəyişdirmək imkanını yaratmaq məqsədi daşıyır.

Mənbə: Ictnews.Az