Panasonic, Sony və Sharp əmlaklarını satırlar

Üç yapon nəhəngi – Sony Corporation, Sharp və Panasonic – lazımsız ofis sahələrinin və digər əmlaklarının satışa çıxarıldığını elan ediblər. Şirkətlərin bu addımı atmasına səbəb pul aktivlərini artırmaq və son illərdə elektronika bazarında Samsung və digər dünya nəhəngləri tərəfindən çox güclü rəqabətin olmasıdır.

JEITA təşkilatı (Japan Electronics and Information Technology Industries Association) hesablamışdır ki, yaponiya elektronika istehlak bazarı təxmini 15 milyard dollar qədər düşüb. Bunun 4 milyardı son 10 ilə təsadüf edir. Bu bazarda Yaponiyanın əsas rəqibi yalnız smartfon bazarında deyil digər elektronika məhsulları bazarında da hamını sıxışdıran Cənubu Koreyadır.

Nəticədə Sony Corporation, Sharp və Panasonic, şirkətlərin gəlirlərinə daha çox mənfi təsir edən köhnə bina və əraziləri satmaq qərarına gəliblər. Sony və Sharp şirkətlərinə aid ümumi dəyəri 3 milyard dollar olan əmlakdan söhbət gedir. Son bir neçə ildə bazardakı mövqeyi çox oynamış Panasonic şirkətinə gəldikdə isə onlar 10 milyon kvadrat metr sahəni əhatə edən əmlaklarını satmaq fikrindədirlər.

Reuters informasiya agentliyi, Panasonic şirkətinin baş maliyyə direktoru Hideaki Kavaiyə əsaslanaraq xəbər verir ki, şirkət Yaponiya torpaqlarında nəticədə satıla biləcək böyük ərazilərə və binalara sahibdir. Kavai hansı əmlaklardan söhbət getdiyini dəqiqləşdirməyib, amma, bu addımın şirkətə 1.34 milyard abş dolları məbləğində gəlir gətirə biləcəyini söyləyib.

Bununla yanaşı məlumat verilir ki, Panasonic digər korporasiyalardan aldığı səhmləri də satmağa hazırlaşır.