Smartfonların tədarükü ilk dəfə mobil telefonları üstələyib

2013-cü ilin birinci rübündə dünyada smartfonların tədarükü adi mobil telefonların tədarük həcmini ilk dəfə üstələyib. Bu barədə IDC tədqiqat şirkətinin hesabatında deyilir.

Göstərilən müddət ərzində mobil telefonların ümumi tədarük həcmi 418,6 milyon qurğu təşkil edib ki, bunun da 51,6 faizi (216,2 milyon) smartfonların payına düşüb.

2012-ci ilin birinci rübündə smartfonların tədarükü 152,7 milyon ədəd səviyyəsində qeydə alınıb. Beləliklə, il ərzində smartfonların tədarükündə 41,6 faiz artım müşahidə olunub.

Mobil aparatların tədarükünə görə Samsung şirkəti lider olaraq qalır. Ümumilikdə isə birinci rübdə satılan smartfonlarda və adi mobil telefonlarda Koreya şirkətinin payı müvafiq olaraq 32,7 və 27,5 faiz təşkil edir.

mənbə: http://mincom.gov.az