Samsungun Apple Şirkətinə Qəpik Ödəməsi Yalan Çıxdı

Samsung-un Apple şirkətinə məhkəmə tərəfindən ödənilməyə məhkum olunan 1,05 mlrd dollar borcunu 5 sentlik qəpiklərlə qaytardığı xəbəri zarafat imiş.

Paper Blog mətbuat saytının yaydığı bu xəbər dərhal bir çox mətbuat şirkətləri tərəfindən təkrar yayımlanmışdı. Sadəcə elə Facebookda həmin xəbər 120 min dəfə paylaşılmışdı.

Həmin birinci dəfə yayılan xəbərdə deyilirdi ki, 30 ədəd 5 sentlik qəpiklərlə dolu yük maşını artıq Apple-ın həyətindədirlər və Samsung-un rəhbəri Li Kun Xi şəxsən Apple-ın rəhbəri Tim Kua zəng edərək deyib ki, “Siz bütün həyatınız boyu bu qəpikləri istifadə edərək istəyirsiz avtomat maşınlarda sərin içkilər alın, istəyirsiz əridin və öz cihazlarınızda istifadə edin. Mənə dəxli yoxdur. Mən öz borcumu ödədim.”

Hər kəs tərəfindən bir neçə gün yayılmasına baxmayaraq bu xəbərin təkzib olunması özünü çox gecikdirməmişdi. Elə səhvən yayılmış bu xəbərin səhərisi günü məlum oldu ki, məhkəmənin qərarı hələ təsdiqlənməyib və yekun qərar dekabrın 6-sı veriləcək. Həmçinin Samsung-un bir apelyasiyaya müraciət etmək hüququ var, hansını ki böyük ehtimal Samsung istifadə edəcək.

2-ci olaraq isə, 20 mlrd 5 sentlik qəpiklər heç ABŞ dövlətinin dövriyyəsində belə yoxdur. Həmçinin jurnalistlər hesabladılar ki, bu qədər qəpiklərin daşınması üçün 30 yük maşını yox, 2000-dən çox yük maşını lazım olacaqdı.

Xəbəri rəsmi şəkildə ilk yayan Paper Blog mətbuat saytında isə bu xəbərin çox yayılmasından sonra belə bir mətn yerləşdirilmişdir: “Siz yəqin ki fikirləşmirdiniz ki bu xəbər doğru ola bilər, elə deyil? Amma yenə də xoşunuza gəldi ki!!”

Digər tərəfdən xəbərin haradan yarandığını araşdıran hind mətbuat orqanı Firstpost tapıb ki, bu xəbər birinci dəfə sən demə sadəcə əyləncə üçün zarafatyana və qeyri-ciddi məqalələr fikirləşib yazan 9gag.com saytında yazılıbmış. Həmin saytdan bu zarafatyana məqaləni oxuyan meksikanın El Deforma adlı saytı bunu öz yazılarında vermişdi. Daha sonra isə hansısa amerikan jurnalisti yəqin ki, bu xəbəri ciddiyə alaraq öz mətbuat yazısında vermişdi və beləcə yayılmışdı.

Xatırladaq ki, 24 avqust tarixində ABŞ-ın Kaliforniya ştatının federal məhkəməsi Samsung şirkətini Apple şirkətinə məxsus olan patentləri icazəsiz şəkildə istifadə etdiyinə görə günahkar hesab etmişdir və 1,05 mlrd dollar cərimə ödəməsinə məhkum etmişdir.