Samsung yeni məhsullarını təqdim etdi

İTAR-TASS-ın məlumatına görə, Cənubi Koreyanın Samsung şirkəti Londonda bir neçə yeni məhsul təqdim edib.

 

Yeni məhsullar arasında Samsung Galaxy NX rəqəmli güzgüsüz kamerası da yer alıb. Kameranın Android 4.2.2 əməliyyat sistemli olması və simsiz rabitə modulları ilə təchiz edilməsi onu digərlərindən fərqləndirir. 20,3 meqapikselli kamera 4,8 düymlü ekran, ksenon işıqlandırma və 64 giqabaytadək genişləndirilmə imkanına malik 2 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib. Galaxy NX-in daxilində 1,6 giqahers takt tezlikli dördnüvəli prosessor yer alıb.

 

Bundan başqa ATIV ailəsinin iki yeni planşet kompüter modeli təqdim olunub. Onlardan biri ATIV Q Windows və Android əməliyyat sistemləri ilə işləyə bilir, ATIV Tab 3 planşet modeli isə yalnız Windows-u dəstəkləyir.

 

Şirkət həmçinin ATIV brendli iki yeni – Book 9 Plus və Book 9 Lite noutbuk və ATIV One 5 Style monoblok modellərini də nümayiş etdirib. ATIV Book 9 Plus qHD+ texnologiyalı 13,3 düymlü ekrana, 8 giqabaytlıq operativ yaddaşa və maksimal ölçüsü 256 giqabayt təşkil edən sərt diskə malikdir.  ATIV One 5 Style monoblokuna gəldikdə, qurğu yaradıcıları onu multimedia kompüteri kimi qələmə verirlər. Monitorun ölçüsü 21,5 düym (maksimal təsvir ölçüsü 1920×1080) təşkil edir. Monoblokda həmçinin 720 piksel təsvir ölçülü veb-kamera quraşdırılıb, eləcə də daxildə 4 giqabaytlıq operativ yaddaş və 1 Tb tutumlu sərt disk var.

 

Təqdimat zamanı Samsung qabaqcıl smartfonu Galaxy S4-ün 3 yeni versiyasını – Galaxy S4 Active, Galaxy S4 Mini və Galaxy S4 Zoom modellərini də nümayiş etdirdiyi də bildirilir.