Rio Olimpiadasının rəsmi mahnısı təqdim olundu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının rəsmi mahnısı təqdim olunub. Belə ki, “Qəlb və ürək” adlanan kompozisiyanın müəllifləri braziliyalı Tiaqinyo və Projotadır.
Mahnıya çəkilmiş videoklipdə Rio-de-Janeyronun ən məşhur yerləri, olimpiya idman obyektləri, habelə, 10 – 12 yaşlı 4 yeniyetmə idmançının məşqlərindən fraqmentlər təqdim olunub. Tiaginyo olimpiadanın rəsmi saytına açıqlamasında bildirib ki, bu mahnı Braziliyanın özü kimi səslənir: “Musiqi ağır mübarizədən və büsbütün qəlb və ürəyini ortaya qoymağın gərəkliyindən bəhs edir”.
Qeyd edək ki, “Rio-2016” 5 – 21 avqustda keçiriləcək. Hələlik olimpiadada Azərbaycanı 54 idmançının təmsil edəcəyi dəqiqləşib.