Rastlaş.com – Yeni Saytla Tanışlıq

Sevindirici haldır ki, AzNet günü-gündən inkişaf edir və internetdəki azərbaycandilli məzmun da onunla birgə böyüməkdədir. Bu məzmun böyüdükcə faydalı məlumatlarla yanaşı, əlbəttə, keyfiyyətsiz məzmun da artır və buna əlavə olaraq bütün faydalı məzmunlar hər bir adi internet istifadəçisi üçün maraqlı olmaya da bilər. Beləcə müxtəlif zövqlü insanların öz maraqlarına uyğun faydalı məzmunla tanış olma problemi yaranır. Bu işdə insanlara kömək olmaq üçün bəzi vebsaytlar mövcuddur (məs.: StumbleUpon). Bəs azərbaycandilli məzmun üçün belə bir vebsayt varmı?

Artıq var! Kateqoriya olaraq “kəşf maşını” (ing. Discovery Engine) olan bu saytın qurulması bu yaxınlarda tamamlanıb. Rastlash.com adı ilə fəaliyyət göstərən bu saytın məqsədi azərbaycanlı istifadəçiləri onların maraqlarına uyğun və azərbaycanca olan veb-səhifələr, bloq yazıları hətta video, şəkil və səs tipli multimedia məzmunları ilə tanış etməkdir.

Saytın iş prinsipi belədir: istifadəçi qeydiyyatdan keçir və profilində öz maraq dairələrini qeyd edir, bundan sonra sistem həmin istifadəçi üçün onun maraqlarına uyğun ən keyfiyyətli səhifə, video, səs, şəkil və s. məzmunları seçərək bir-bir istifadəçiyə təqdim edir.

Səhifələr arasında gəzən istifadəçi rastlaşdığı hər bir səhifəyə öz reaksiyasını (bəyənməsi və bəyənməməsi) qeyd edə bilər. Bu isə keyfiyyətli səhifələrin seçilməsində sistemə kömək edir. Yəni hər bir istifadəçinin verdiyi səslər digər istifadəçilər üçün keyfiyyətli səhifənin seçilməsində rol oynayır. Səhifələr isə adi istifadəçilər tərəfindən bazaya əlavə olunur və digər istifadəçilərin verdiyi səslər bu səhifənin nə qədər keyfiyyətli olmasını müəyyən edəcək.

Ümumiyyətlə rastlash.com istifadəçilərə Azərbaycan dilli məzmunlar göstərmək üçün nəzərdə tutulub amma bəzi hallarda azərbaycanca olmayan səhifələr də əlavə etməyə icazə verilir. Bu zaman əlavə edən istifadəçidən sadəcə həmin əcnəbi səhifədə yazılanlar haqda ümumi məlumat və ya qısa tərcümə yazmaları tələb olunur. Bu səhifələri də istifadəçilərə göstərən zaman tərcümə sayt daxilində bir qutuda göstəriləcək və beləcə hər bir şəxs rastlaşdığı səhifədə nə yazıldığını başa düşəcək.

Başqa bir nəzərəçarpan funksiya isə rastlaş-ın sosial plugin-idir. Sosial plugin bizə facebook, twitter kimi saytlardan tanış olan “like” və “tweet” düymələri kimidir. Necə ki, like düyməsi məqalənin sayt daxilindəcə bəyənilməsinə kömək edir, rastlash.com da buna oxşar öz “Rast+” adını verdiyi düyməsini təqdim edir. Sayt sahibləri bu düyməni saytlarında yerləşdirərək yazdıqları yazıların oxucular tərəfindən rastlash.com-da müsbət səs almasına və əgər səhifə hələ bazaya əlavə olunmayıbsa olunmasına nail ola bilərlər. (http://rastlash.com/pages/developers)