Qaranlıqda yol göstərən xalça

İnsanların həyatını daha da asanlaşdırmaq üçün qaranlıqda yol göstərən xalça hazırlanmışdır.

Yaxın günlərdə London Ev Sərgisində olduqca maraqlı xüsusiyyətə malik bir xalça nümayiş olundu. Footlume adı verilən bu xalçalar üzərində gəzərkən işıq saçaraq ev dekorasiyası üçün çox gözəl bir nümunəyə çevriləcək.

Londondakı South Bank Universitetinin iki tələbəsinin ev tapşırığı üçün hazırladıqları Footlume adlı xalça heç gözlənilmədiyi halda böyük marağa səbəb oldu və düynanın texnologiya sahəsində ən parlaq ulduzlarından birinə çevrildi. Leona Dean və Zoe Robson adlı tələbələrin hazırladığı bu xalça batareya vasitəsilə enerji yığa bilər və onun köməyi ilə qaranlıqda istiqaməti asanlıqla tapmaq mümkündür.

Xalçanın içərisinə yerləşdirilən xüsusi işıqlar vasitəsilə üstünə basıldığı zaman yanmağa başlayır və istifadəçisinə yolu göstərir. Olduqca zərif işıq saçan bu xalça enerjisi tükəndiyi zaman xüsusi batareyalar vasitəsilə asanlıqla yenidən bərpa oluna bilər.

Hazırda özünün prototip mərhələsində olan bu xalçadan xüsusilə texnolojik evlərdə daha çox istifadə olunacağı gözlənilir, lakin bu xalçalar istənilən ev üçün əlverişlidir.