Pakistanda Youtube qadağası hələ də davam edir

ICTnews bildirir ki, Pakistanda YouTube portalına qadağa ötən ilin sentyabrında, Məhəmməd peyğəmbəri arzuedilməz şəkildə təqdim edən “Müsəlmanların isməti” videoçarxı yerləşdirildikdən bu vaxta qədər qüvvədədir. Pakistanın telekommunikasiya operatoru URL səviyyəsində bu portalı bloklayıb, çünki bunu ayrı-ayrı videokliplərə qarşı tətbiq etmək mümkün deyil.

Pakistanın Bytes For All qeyri-hökumət təşkilatı buna qarşı etirazla çıxış edib və tələb edib ki, təkcə bu kontent yerləşdirilən 700-800 müəyyən edilmiş ünvanlar bloklaşdırılsın və selektiv filtrlər istifadə edilsin. Təşkilat öz etirazını, tələbələrin onlara tələb olunan kontentə çıxmaq imkanının məhdudlaşması, ölkənin beynəlxalq aləmdə imicinə mənfi təsirinə, ölkənin və cəmiyyətin ümumi inkişafını ləngitməsi ilə əsaslandırıb.

Xatırladaq ki, ötən il Google şirkəti Səudiyyə Ərəbistanı və Hindistan kimi ölkələrin sorğularına regional selektiv bloklar tətbiq edib. Bir ay bundan öncə isə The Times of India Pakistan hakimiyyətinin Google şirkətinin bütün resurslarına çıxışı bağlamaq niyyətində olduğunu bildirib. Pakistanın İT və telekommunikasiya naziri Anuş Rəhman Xan bəyan edib ki, Google problemə öz baxışlarını dəyişməsə, Pakistan onun bütün servislərinə çıxışı bağlamaq məcburiyyətində qalacaq.

“Bizim işimiz internetin və bütün servislərin normal işini təmin etməkdir, lakin bu, ölkədə qəbul edilmiş etik və əxlaqi normalara ziddirsə, biz bütün servisləri bağlayacağıq, hətta bunun üçün əlavə sərmayə qoymaq lazım gəlsə belə”- deyə o bildirib.