Öz kompüterinizdən ancaq özünüz istifadə edin

Google “üz tanıma kilidi” patentini aldı.

ABŞ Patentləşmə və Əmtəə Nişanı Ofisi Google şirkətinin “üz tanıma kilidi” texnologiyasına dair müraciətini nəhayət ki təsdiqlədi. Söhbəti gedən bu texnologiya uzun müddətdir ki, Android istifadəçilərinin öz cihazlarını təhlükəsiz bir şəkildə istifadə etmələri üçün təqdim olunmuş seçimlərdən biri idi. İlk olaraq, Android 4.0 Ice Cream Sandwich ilə təqdim olunan bu funksiya hazırda patentlə birlikdə Google şirkətinin istifadəsi altındadır.

Bu patenti əldə etmək istəyən təkcə Google deyildi. Eyni zamanda Apple şirkəti də 2011-ci ilin dekabr ayında “üz və vəziyyəti müəyyən etmə” texnologiyası ilə bağlı bir patenti əldə etmək istəyirdi. Bu iki patent müraciəti bir-birinə nə qədər oxşasa da, arada çox cuzi fərq var idi. Misal üçün, Android o zaman da üz tanıma texnologiyasından artıq istifadə edirdi, Apple isə bu texnologiyanı ağıllı telefona yox, dizüstü kompüterlərdə tətbiq etməyi nəzərdə tuturdu.

Google-un üz tanıma texnologiyasının zaman keçdikcə daha da təkmilləşdiyi göz qabağındadır. Əslində indi də daha da təkmilləşməsi üçün işlər görülür. Üz tanıma kilidinin istifadəyə təqdim olunduğu ilk vaxtlarda sistemə telefon sahibinin bir şəklini göstərməklə onu aldatmaq mümkün idi. Aparılan ilk işlər sayəsində patentdə bütün xırdalıqları ilə hazırlanan bu çatışmazlıqlar da aradan qaldırıldı.