Növbəti Hackathon yarışmasına hazırlıq

Yəqin çoxunuz dünən sosial şəbəkələrdə Rəşad Əliyevin “Yeni Hackathona hazirliqlar bashlayir…” başlığı altında yayımladığı status, twitlərini görmüsünüz. Bəs maraqlıdırmi ki, sizə növbəti Hackathon yarışması nə zaman, necə və ən əsası hansı mövzuda keçiriləcək?  Bu suallara cavab tapmaq istəyirsinizsə, postu oxumağa davam edin.

Aldığım məlumata görə dünən axşam 20:00 radələrində növbəti Hackathon layihəsi çərçivəsində ilkin görüş olub. Görüşdə hackathonun keçiriləcəyi zaman, yarışma qaliblərinə veriləcək hədiyyələr, sponsorlarla işlər, yarışmanın qaydaları, tanıtım və ən əsası yarışmanın hansı mövzuda olacağı barədə müzakirələr aparılıb. Onuda nəzərinizə çatdırım ki,  bu dəfəki yarışmanın mövzusu “Android” olmayacaq. Mövzu hələ ki, sirr olaraq qalır. Yaxın günlərdə rəsmi press reliz olacaq və orada yeni yarışmanın hansı mövzuda olması barədə rəsmi açıqlama veriləcək.

Növbəti Hackathon yarışması gələn həftə start götürəcək. Hal-hazırda yarışma üçün hazırlıqlar gedir. Tezliklə yarışma həvəskarları və yarışmada iştirak etmək istəyənlər mövzu və yarışma qaydaları ilə tanış ola biləcəklər.

Hackathon Azerbaijan layihəsi Azərbaycanda təşkil olunan bir hadisədir. “İlk Addımlar” və GDG-nən dəstəyi ilə fəaliyyət göstərir. Məqsədi isə yerli proqramçıların və texnologiya həvəskarlarının öz biliklərini yoxlama, bir-biriləri ilə yarışma, yeni  bilik və təcrübələr əldə etməsini təmin etməkdir.

Aytən Süleymanova