Nokia strategiyasını dəyişir: hədəf daha ucuz telefon bazarı

Nokia bazara nisbətən daha ucuz smartfon modelləri buraxmağı planlayır. Reuters agentliyinin daxili mənbələrə dayanaraq verdiyi məlumata görə Fin şirkəti ümid edir ki, bu onlara nisbətən aşağı səviyyəli smartfon seqmentində Çin istehsalçıları ilə rəqabət aparmaq imkanı verəcək.

Yeni modellər gələn həftə Barselonada keçiriləcək Mobile World Congress sərgisi çərçivəsində təqdim ediləcək. Qiymət baxımından bu cihazlar Huawei və ZTE məhsulları ilə rəqabət aparacaq. Yeni model sırasına həmçinin Windows Phone 8 bazasında Lumianın baha olmayan modelləri daxil olacaq. Smartfonların xüsusiyyətləri və digər göstəriciləri haqqında məlumatlar hələ ki açıqlanmır.

Ekspertlətin dəyərləndirmələrinə görə bugünkü gün üçün Nokia-nın smartfon bazarındakı payı təxminən 5 faiz təşkil edir və əgər şirkət bu rəqabətcil mühitdə yaşamaq istəyirsə təcili olaraq zəifləmiş mövqeyini gücləndirməlidir. Yalnız satışların artışı Nokia-nın düzgün ticari siyasət seçdiyinə investorları inandıra bilər.