Need for Speed: Most Wanted

Need for Speed: Most Wanted – Electronic Arts şirkətinə məxsus olan Need for Speed seriyasından növbəti avtomobil yarışı oyunudur. Oyun Criterion Games şirkəti tərəfindən EA-nın sifarişi ilə hazırlanıb.

Həqiqi görüntülərə və səslərə malik olan Need for Speed: Most Wanted oyunu avtomobil yarışları sevənlər üçün əsl hədiyyədir. Oyunu rahatlıqla səhərdən axşama kimi oynamaq olar. Oyunda sərt qaydalar yoxdur, açıq rejimdə olan oyunçu şəhər boyu səpələnmiş avtomobilləri istifadə edə və iştirak üçün istədiyi yarışı seçə bilir.

Bu oyun birinci Most Wanted’in davamıdır. Əvvəlki “Most Wanted”də olduğu kimi polis ilə qarşılaşmaqdan qaçmaq lazımdır. Bir çox digər oyunlarda olduğu kimi (əgər oyunçu polis rolunda deyilsə) bu oyunda da polis oyunçuya mane olan və onu məhdudlaşdıran bir vasitədir, oyun boyu polis oyunçunun həbs olunması və ya dayandırılması üçün əlindən gələni edir, sanki onun başqa işi-gücü yoxdur.

Need for Speed: Most Wanted geniş profillidir – oyun həm bir nəfərlik, həm çox nəfərlik rejimlərdə oynanılır. Oyunçular bir-biriləri ilə də yarışa bilərlər. Oyunu şəbəkədə də oynamaq imkanı var. Şəbəkə oyununun əsas elementləri oyunçunun xallar topladığı daimi yarışmadır. Speed Point adlanan bu xalların əvəzində oyunçuya mükafatlar veriləcək.

Oyunun maraqlı xüsusiyyətlərindən biri Kinect sensorudur. Criterion Games ilk növbədə oyunun səs imkanlarını gücləndirdiklərini bildirirlər. Avtomobilin təmiri, modernləşməsi və tyuninqi üçün bundan sonra lazım olan modulu basmaq lazım olacaq, əvvəlki oyunlardakı kimi qarajlara girməyə ehtiyac qalmayacaq. Bu da vaxt imkanı deməkdir. Kim bu cür rahatlığı istəməz ki?

Yarışmalar arasında oyunçular istədiklərini edə bilərlər. Artıq məhdud dünyalı oyunların zamanı gedib. Heç kim onları nəyəsə məcbur etmir və açıq dünyada olan personaj oyunçunun istədiyi səmtə yön ala bilər.

Və bir də xüsusi, ekslüziv buraxılış da var. Belə şeyləri daha çox pul qazanmaq üçün edirlər. Oyun fanatları oyunu o qədər sevir ki, onun hər addımını izləməyə hazır olduqlarından, oyunu hazırlayan şirkət bundan istifadə edib, xüsusi buraxılışlar, oyundan olan avtomobillərin oyuncaqlarını və sair şeyləri satışa çıxarır. Need for Speed Limited Edition – həmin bu xüsusi buraxılışlardan biridir və bu buraxılış öncədən sifariş edilməklə əldə olunur və bu əlavəyə iki eksklüziv avtomobil: Maserati GranTurismo MC Stradale və Porsche 911 Carrera S avtomobilləri əlavə olunublar. Bundan başqa kollektiv oyunda ikiqat xallar almaq imkanı var. Kollektiv oyun zamanı əlavə mərhələlər və modifikasiyalardan faydalanmaq olar. Nəzərinizə çatdıraq ki, Limited Edition üçün mat qara avtomobil rəngi də oyunçulara təqdim olunur.

Need for Speed Most Wanted’in bu seriyası yeni Cloudcompete sosial sistemindən istifadə edir ki, bu da Most Wanted platformalarını bir yerdə cəm edərək, oyunçunun bir profil yaradıb müxtəlif platformalarda oyun karyerasını davam etdirməyinə imkan verir. Yəni, oyunçu artıq bir konsola bağlı qalmayacaq və öz profilini başqa konsolda da istifadə edib qaldığı yerdən oyunu davam edə biləcək. Elə bilin ki, Siz Facebook hesabınıza hər yerdən girə bilirsiniz, bu da onun kimidir, hər yerdən oyunu davam etmək mümkün olacaq.

Most Wanted oyunu geniş miqyaslı real avtomobillər, müxtəlif formalı maşınlar, küçə yarışları və “avtomobillər üçün ən vəhşi seçim” hesab olunan ekzotik yerləri özündə cəm edən oyundur. Avtomobillərin görünüşü insanı valeh edir, bu dərəcədə real görünüşü olan avtomobil yarışı oyunu indiyədək çıxmamışdır. Avtomobil yarışlarını sevirsinizsə, bunu oynamağa dəyər. Oyun təkcə məhsuldarlıq baxımından deyil, həmçinin görünüş baxımından da yenilənə bilir və boyalar, təkərlər, suspenziyalar, motorlar, nitrolar və maşın örtükləri oyuna əlavə oluna bilirlər. Oyunun bütün avtomobilləri oyun başlayandan açıq olur və oyunçu özü Fairhaven şəhəri olan açıq dünyada gəzib dolana-dolana onları axtarıb tapmalıdır.