Microsoft Windows Phone Marketplace’i rebrendinq edib

Microsoft şirkəti mobil tətbiqetmələr mağazasını rebrendinq edib, eyni zamanda onda edilmiş digər dəyişikliklər: axtarış sistemində edilmiş ciddi dəyişiklik, Top Free və Top Paid kateqoriyalarının əlavə edilməsi haqqında məlumat verib. Bundan sonra Windows Phone Marketplace tətbiqetmələr mağazası sadəcə Windows Phone Store adlanacaq. Beləliklə, Microsoft Windows 8 tətbiqetmələr mağazası ilə Windows Phone Store adları bir birinə uyğunlaşdırıldı. İndi artıq Windows 8 Store və Windows Phone Store var. Əsas odur ki, onları qarışdırmayaq. Amma, bu elə də asan məsələ deyil, çünki onların adları ilə yanaşı logotipləri də çox oxşardı.

Ən böyük dəyişiklik axtarış sistemindədir. Artıq marketdə axtarış sistemi olaraq Bing istifadə edilir. İndi tətbiqetmənin adını səhv də yazsaq heç bir qorxusu yoxdur(Facebook əvəzinə Facebok yazmısınız — qorxusu yoxdur, axtarış robotu sizi başa düşəcək). Əlavə olaraq indi tətbiqetmələri yalnız adına görə deyil, həm də uyğunluğuna görə də axtaracaq. Axtarışı konkret kateqoriyalara görə də filterləmək olar. Vitrin çox dəyişib, yeni kateqoriyalar əmələ gəlib: Top Free, Top Rated və Best Rated (son kateqoriyaya düşən tətbiqetmələrdə yalnız onlara verilən yüksək qiymət deyil, həmçinin aktiv istifadə göstəriciləri də nəzərə alınır). Windows Phone Store həmçinin istifadəçinin əvvəl yükləmiş olduğu tətbiqetmələrə dayanaraq onun maraqlarına uyğun tətbiqetmə təklifləri də edir. Yeni oyunlarda da artıq Xbox LIVE Windows Phone yazısı olmayacaq. Sadəcə Xbox Windows Phone olacaq. Hələ yaz aylarında şirkətdə şöbələrdən birinin rəisi olan Stiven Sinofskinin LIVE sözündən yavaş-yavaş imtina barəsində dediyi sözlər deyəsən öz təsdiqini tapır.