Microsoft Şirkəti Yeni Görünüşdə

25 il sonra Microsoft şirkəti loqosunu yenidən dəyişdirdi. Bu dəyişiklik üçün strateji olaraq çox düzgün zamanlama olduğunu deyə bilərik. Bu il Microsoft şirkəti üçün çox həyəcanlı sayılır, çünki şirkət demək olar ki, bütün məhsullarını yeniləyir. Windows 8, Windows Phone 8, Xbox servisləri, Office proqramları və digər məhsullarda bir-biri ilə ahəng təşkil edən yenilik görəcəksiniz. Bu sadəcə imaj dəyişikliyi deyil, eyni zamanda şirkət üçün yeni eranın başladığını simvolizə edən yenilikdir.

Yeni loqo iki komponentdən ibarətdir: loqotip və simvol. Loqotip üçün şirkət digər məhsulların loqotipində də istifadə etdiyi Segoe font şriftindən istifadə edib. Simvol marketinq və PR vasitəsi kimi çox vacib amildir. Simvolda istifadə olunan 4 fərqli rəng isə şirkətin məhsul çeşidlərinə və xidmət müxtəlifliyinə işarə edir.

Bu gündən etibarən şirkət bütün marketinq, promo və reklam materiallarında yeni loqodan istifadə edəcək. Dünyanın ən çox ziyarət edilən saytı Microsoft.com yeni loqodan artıq istifadə edir. Bir sıra mağazalarda və reklam çarxlarında artıq loqo nümayiş etdirilməsinə baxmayaraq, şirkət rəsmiləri bir müddət köhnə loqonun da görünə biləcəyini istisna etmir. Belə böyük dəyişikliklərin tam effektiv baş tutmasının bir az zaman tələb etdiyini düşünürlər.