Microsoft nə üçün SEGA’nı almaq planından daşınıb?

Microsoftun SEGA’nı almaq planları baş tutmayıb. Buna səbəb şirkətin Sony ilə rəqabət apara biləcəyinə Bill Qeytsdə yaranan şübhələrdir. Bu haqqda Windows Sales şöbəsinin keçmiş vitse-prezidenti məlumat verib.

Microsoft şirkətində 20 il çalışmış (1983-2003) Yoaxim Kempin izah edib ki, Microsoft əvvəlcədən rahat bir şəkildə oyun konsolları bazarına girmək və Sony ilə rəqabət aparmaq üçün SEGA’nı almağı optimal yol hesab edirdi. Cihaz platformasının istehsalı ilə bağlı böyük maliyyə xərclərini nəzərə alsaq şirkətin bu yolu seçməsi normal idi.

«O zaman üç şirkət bazara hakim idi: Sony, SEGA və Nintendo. Biz SEGA-nı almaq istəyirdik, amma  bu baş vermədi. Bill Qeyts qərara aldı ki, SEGA-nın Sony ilə mübarizə aparacaq kifayət qədər gücü yoxdur və nəticədə Xbox yarandı».

Sega konsol biznesindən 2001-ci ilin əvvəlində, Xbox buraxılmamışdan bir necə ay öncə çıxıb. Bir müddət sonra isə Sega Americanın keçmiş prezidenti Piter Mur Microsofta keçir.