“Mən Azərbaycanlıyam” Onlayn Bilik Yarışmasının Daha 10 Qalibi Məlum Oldu

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş və “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən internet-məkanda təşkil olun “Mən Azərbaycanlıyam” onlayn bilik yarışması növbəti ongünlüyün (21-30 iyul) və iyul ayının qalibləri müəyyənləşdirilib.  Ongünlükdə Vüsal İsgəndərov, Ceyhun Cariyev,  Eldəniz Elirzayev,  Könül Məhərrəmova,  Arzu Eldarova,  Ofeliya Babayeva,  Lalə Sabili,  Xalid Nağıyev, Süleyman Rəsulov və Ağəli Məmmədov qalib gəliblər.

Yarışın şərtlərinə uyğun olaraq ongünlüyün qalibləri netbuk tipli kompüter,  ilk 100-lüyə daxil olan digər iştirakçılar isə həvəsləndirici mükafatlara –  “Nar Mobile” və “Bakcell” şirkətləri tərəfindən təqdim edilmiş 10 manatlıq mobil telefon danışıq kartlarına sahib olublar.

İyul ayı ərzində yarışma iştirakçıları arasında ən yaxşı nəticə göstərmiş 3 nəfər iyul ayının qalibi seçilib. 1-ci yeri tutan Elnur Məmmədzadə “iPhone” mobil telefona və mini-“iPhad” planşetə, 2-ci yeri tutan Vüsal İsgəndərov “iPhone” mobil telefona, 3-cü yeri tutan Ceyhun Cariyev isə mini-“iPhad” planşetə sahib olublar.

İyul ayı ərzində qalib gəlmiş bütün iştirakçılara mükafatlar 06.08.2013-cü il tarixində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən tədbirdə təqdim ediləcək.

Yarışmanın 01.08.2013-ci il tarixinə olan statistikası göstərir ki,  ümumilikdə 29115 iştirakçı qeydiyyatdan keçmişdir. Onların 66%-i kişi istifadəçiləri, 34% isə  qadın istifadəçilərdir.

Yarışma dekabr ayının 1-dək davam edəcək və hər 10 gündən bir qaliblərin mükafatlandırma mərasimi, dekabrın ilk həftəsi isə super-final keçiriləcək.

Qeyd edək ki, yarışmanın məqsədi milli-mədəni irsimizin təbliği, bu sahədə marağın və biliklərin artırılması, vətənpərvərlik hisslərinin yüksəldilməsidir.  Yarışma-oyunun rəsmi  saytı (www.azerbaycanliyam.az) və “Facebook”dakı səhifəsi vasitəsilə qoşulmaq mümkündür.

Mənbə: http://www.mincom.gov.az/