Lumosity Beyin Fırtınası

Çox böyük rəqabətin olduğu bu dövrdə yalnız intellekt, qeyri-adi düşünmə bacarığı, yaradıcı olmaq hesabına insan istədiyi zirvədə ola bilər. Məhz buna görə də, insanların əqli imkanlarını müxtəlif istiqamətlərdə inkişaf etdirmək istəyi və tələbatı son zamanlar böyük əhəmiyyət kəsb edir. Bununla bağlı, son on ildə İnternet məkanında beynin müxtəlif istiqamətlərdə inkişafına kömək edən saytlar yaradılıb. ”Beyin fırtınası” termini məhz bununla əlaqəlidir. Saytların içərisində heç bir nəticə verməyən, köhnə metodikalara əsaslanan saytlar da var, lakin həqiqətən də elmi araşdırmalara əsaslanan və alimlər tərəfindən hazırlanıb, daima inkişaf etdirilən veb saytlar da var.

Haqqında danışacağımız Lumosity (www.lumosity.com) saytıdır. Sayt Lumos Labs şirkəti tərəfindən yaradılıb. Şirkət 2005-ci ildə, onların məhsulu olan Lumosity isə 2007-ci ildə yaradılıb. Lumos Labs şirkəti dünyanın ən yaxşı, Harvard, Stenford, Kaliforniya universitetlərinin alimləri ilə tədqiqatlara əsaslananan, beyin sağlamlığı və onun inkişafını təmin edən proqramların yaradılması ilə məşğuldur. Hazırda veb  saytdan dünyanın 180 ölkəsindən, 25.000.000-a yaxın istifadəçi yararlanır.

Saytda qeydiyyatdan keçdikdən sonra istifadəçiyə 7 günlük pulsuz təlim proqramı təqdim edilir. Sonra isə hər kəsin seçimindən asılı olaraq, aylıq, illik və ya birdəfəlik ödəniş etməklə saytdan yararlanmaq mümkündür. Aylıq ödəniş 14.95 dollar, birdəfəlik isə cəmi 299.95 dollardır.

lumo

Lumosity’nin faydaları    

Bir sözlə, Lumosity.com beynini məşq etdirmək üçün hamının yararlana biləcəyi “beyin fırtınası” saytıdır. Burada beynin koqnitiv imkanlarını genişləndirən böyük oyun bazası mövcuddur. Lumosity istifadəçilərinə hər zaman yenilənən və böyüyən beyin oyunları kitabxanası təqdim edir. Hər bir istifadəçi hansı imkanlarını inkişaf etdirmək istədiyini özü seçir. Bundan sonra, onun üçün proqram seçilir. Saytın öyrədici proqramları adətən, 20-40 gün davam edən gündəlik məşqlərdən ibarətdir. Gündəlik məşqlər zamanı istifadəçi cəmi 10-15 dəqiqə vaxt sərf edərək 3-5 arası tapşırıq yerinə yetirir. Tapşırıqların növü isə seçilən kursla bağlıdır.

Treninq proqramları bitdikdən sonra avtomatik olaraq sizin inkişafınız izlənilir və qeydə alınır. Bunun üçün BPİ ( Brain Profile Index) göstəricisindən istifadə olunur. BPİ  sizin inkişafınızı beş əsas koqnitiv sahədə göstərir: sürət, ayıqlıq, yaddaş, diqqət və tapşırıqların həlli. BPİ nəticəsi üçün tək sizin göstəricilər deyil, o cümlədən sizin yaş qrupunuza uyğun istifadəçilərin göstəriciləri də nəzərə alınır. Beləliklə, siz yaşıd olduğunuz insanlarla müqayisədə nə dərəcədə  bacarıqlı olduğunuzu təyin etmiş olursunuz.

Lumosity’nin üstünlükləri

  1. İstifadəsinin rahat olması: daima genişlənən kitabxanaya istənilən vaxt və yerdədaxilola bilirsiniz.
  2. Saytın inkişafında alimlərin iştirakı: bütün tapşırıqlar alimlər tərəfindən hazırlanır və test edilir.
  3. Saytın maraqlı olmağı: istifadəçilər qeyd edirlər ki, tapşırıqlar effektiv olmaqla yanaşı, həm də maraqlıdır.
  4. Effektivliyi: kliniki tədqiqatlar göstərir ki, bu öyrədici proqramlar yalnız korreksiya olunmalı problemləri deyil, həmçinin digər cəhətləri də inkişaf etdirir.
  5. İndividual yanaşma: proqram ağırlıq dərəcəsi və kateqoriyalara görə bölünür, bu da istifadəçinin lazımi istiqamətdə onun istədiyi parametrləri inkişaf etdirməyə imkan verir.

Beyin inkişafı ilə əlaqədar Lumosity ilə rəqib olan veb saytlardan isə CogniFit (www.Cognifit.com)Posit Science (www.Positscience.com) saytlarını misal çəkmək olar. CogniFit on ildən artıqdır bu sahədə tanınır. Sistem ödənişsiz, fərdi məşq proqramı təqdim edilir, həmçinin istifadəsi də ödənişsizdir. Posit Science isə 2003-cü ildə tanınmış neyrofizioloq Maykl Mirtsen tərəfindən yaradılıb. Burada isə şirkət əsasən, düşüncə imkanlarını inkişaf etdirən və qocalmanın yaratdığı mənfi cəhətlərin qarşısını almağa yönəldilən proqramların işlənməsi ilə məşğuldur. Hər kompüter üçün isə bu proqram 500 ABŞ dollarına başa gəlir. Saytda online rejimdə olan oyunlar isə qeydiyyatdan keçdikdən sonra pulsuzdur.