Kamerada Instagram?

Nikon şirkəti yeni model DSLR kamera üzərində çalışdığını xəbər verib. Xəbərə görə yeni CoolPix model kamera Android əməliyat sistemi üzərində çalışacaq və bir-başa internetə qoşularaq tətbiqetmələr yükləyib istifadə etmə imkanı verəcək.

“Indonesian Communication Agency” tərəfindən verilən proqnoza görə kameranın model adı  CoolPix S800 yaxud S800c olacaq. Yeni model Android kamerada gözlənilən göstəricilər isə 25-250 mm lens, 3.5 inç OLED displey, GPS və Wi-Fi olaraq proqnozlaşdırılıb. Kamera Android 2.3 Gingerbread əməliyat sistemindən istifadə edəcək. Qeyd edək ki, Android istifadə edəcək ilk və yeganə kamera Nikondan gəlmir. İlin əvvəlində Polaroid yeni kamera üzərində çalışdığını və Android əməliyat sistemli kamera istehsal edəcəyini elan etmişdi. Hər halda satışa çıxarılacaq ilk Android – kamera Polaroid şirkətindən gələcək.

Kamerada Android əməliyat sisteminin olması nə işə yaraya bilər? Bu yeni nəsil kameralar bir başa internetə qoşularaq Instagram və Pixlr-o-Matic kimi foto-effekt tətbiqetmələri istifadə edə biləcək. Həmçinin foto paylaşım sosial şəbəkələrində, ən məşhur sosial şəbəkələrdə çəkdiyiniz şəkilləri saniyələr zərfində yayımlaya biləcəksiniz.

Bəs Android kameranızı necə istifadə edərdiniz?