iPhone 5 – Bilmək İstədikləriniz

Apple şirkətinin verdiyi məlumata görə qarşıdan gələn payızda yeni model iPhone telefonu və iOS 6 əməliyat sistemini satışa çıxaracaq. Bu yeniliklərlə bağlı bir çoxları proqnozlar verir və Apple istifadəçilərinin marağına cavab tapmağa çalışır. Yeni model iPhone və iOS 6-da hansı özəllikləri görə biləcəyimizlə bağlı bir sıra ehtimallar artıq önə sürülüb. Bunlardan ən əhəmiyətlisini və ən çox vurğulananları təqdim edirik.

Gücləndirilmiş Təhlükəsizlik

Apple şirkətinin məhsulları artıq illərdir bazardakı ən təhlükəsiz məhsullar kimi tanınıb. Buna baxmayaraq şirkət öz məhsullarını daha da təhlükəsiz etmək fikrindədir. Belə ki, Apple şirkəti son açıqlamalarından birində təhlükəsizlik sektorunda ən etibarlı şirkətlərdən sayılan AuthenTec-i alacağını bildirmişdi. AuthenTec təhlükəsizlik məhsullarını bir sıra kompüter və telefon istehsalçılarına satır. Barmaq izi tanıma, məzmun təhlükəsizliyi və digər təkmilləşdirmələrlə yeni iPhone telefonu daha da dəyərli hala gələcək.

Geniş və İncə Displey

Bir sıra texnologiya xəbərlərində yer alan məlumata görə yeni iPhone daha geniş displeyə sahib olacaq. iPhone 4 və iPhone 4S arasında dizayn baxımından tamamilə fərq yox idi demək doğru olar. Apple izləyicilərinin fikrincə bu dəfə dizaynda ciddi dəyişikliklər gözlənilir. Bunlardan ən əsası da daha geniş displey olacaq. Bu da öz növbəsində telefona daha modern görünüş verəcək.

Fiziki Təchizat və Dizayn

Proqnozlara görə antena funksiyasını görən metal kənarlar yeni iPhone-da da olacaq. Öncəkindən fərqli olaraq səsləndiricilərin və digər düymələrin görünüşü dəyişəcək. Eyni zamanda yeni iPhone-un daha incə  olacağı gözlənilir.  Tayvanda yerləşən Apple Daily qəzetinə əsasən yeni iPhone-un qalınlığı cəmi 7,3 mm olacaq. Bu da iPhone 4S modelindən təxminən 2 mm incədir.

Nano SIM Kart

Öncədən mini SIM kart istifadəsini yenilik kimi bazara gətirən Apple şirkəti yeni iPhone-da daha da kiçik sim kart istifadə etmək fikrindədir. Mühəndislərin bu yenilikdə əsas məqsədi daha çox sahə qazanmaq, incəldilmiş telefonda təchizatı daha effektiv şəkildə yeləşdirmək olub. Texnoloqların verdiyi proqnoza əsasən nano SIM kartı da digər telefonlarda uyğunlaşdırıcı cihazla və ya mexanizmlə istifadə etmək mümkün olacaq.

19-Pin Şarj Aləti

Hələ ilk zamanlarda satışa çıxarılmış iPod-lardan etibarən istifadə olunan şarj alətinin dəyişəcəyi güman edilir. Belə ki, bir sıra yeni məhsullarda fərqli volt və elektrik göstəricilərinə malik şarj alətlərindən istifadə olunmağa başladı, Texnoloqların fikrincə yeni və daha kiçik şarj aləti ilə Apple şirkəti bu qarışıqlığı və cihazların sıradan çıxma ehtimalı qorxusunu aradan qaldırmaq istəyir. Yeni iPhone 30-Pin şarj aləti yerinə 19-Pin şarj alətindən istifadə edəcək.

Nə zaman satışa çıxır?

Yeni model iPhone-un nə zaman satışa çıxarılacağı ilə əlaqədar bir sıra proqnozlar mövcuddur. Amma bunlardan ən çox rastlananı Apple şirkətinin yeni məhsulunu sentyabr və ya oktyabr aylarında satışa çıxaracağıdır.