Intel Nvidia’nı ala bilər

“Nvidia-nın həmtəsisçilərindən biri və icraçı direktoru olan Cen-Sen Xuan (Jen-Hsun Huang) Intel şirkətinin yeni rəhbəri ola bilər. Belə olduğu halda Nvidia dünyanın ən böyük prosessor istehsalçısı tərəfindən alına bilər” – Bright Side Of News xəbər verir.

Intel daha əvvəllər də Nvidia-nı almağa cəhdlər edirdi, ancaq Cen-Sen Xuanın təkidi ilə şirkət razı olmurdu. İndi isə ona icraçı direktor vəzifəsinin verilmə ehtimalı vəziyyəti tamamilə dəyişir.

Nvidia-nın cari bazar qiyməti 7,82 milyard dollardır. İntellektual əmlak və digər aktivləri də nəzərə alsaq müqavilənin qiyməti 2 dəfə daha çox olacaq. Intel-in gəlirləri kifayət qədər yüksəkdir və bu cür müqavilələr bağlamaq şirkət üçün çətin deyil.

Nvidia bazarda hamı ilə rahat rəqabət apara biləcəyini dəfələrlə sübut edib. Əgər onun Intel resurslarından istifadəsinə imkan yaradılsa bazarda çox şey dəyişə bilər.

Eyni zamanda Intel də bu imkandan yararlanaraq öz mərkəzi Intel Core prosessorlarında Nvidia-nın şəkil üzərində işləmə texnologiyalarını tətbiq edə biləcək. Daha əvvəl korporasiya Nvidia ilə müvafiq müqavilə bağlamağa cəhd edirdi, ancaq sonuncu razılıq vermirdi. Bu iki şirkətin sıx işləməsi bazarda AMR şirkətinə qarşı daha effektiv mübarizə aparmaqda çox yardımçı olacaq.

Ancaq Cen-Sen Xuanın şirkətə rəhbər təyin olunması xəbəri cari prezident və icraçı direktor Pol Ottelininin, bu yaxınlarda etdiyi bəyanat ilə üst-üstə gəlmir. Xatırladaq ki, o  yeni rəhbərin böyük ehtimal xaricdən bir adamın deyil məhz öz işçilərindən olacağını söyləmişdi.

Ottelini 2013-cü ilin mayında şirkətdəki 40 illik fəaliyyətindən sonra Intel-i tərk etməyi planlayır.