İlk 4 Min Pikselli Eynəksiz 3D TV

Mərkəzi Filadelfiya ştatında yerləşən Stream TV Networks şirkəti ötən bazar ertəsi Berlində baş tutan IFA 2012 texnologiya sərgisində ən çox rastlanan 1080p kəskinlikdən ən azı 4 dəfə daha keyfiyətli görüntüyə malik eynəksiz 3D TV istehsal edəcəyini elan edib. Məlum olduğu kimi eynəksiz 3D TV texnologiyası yeni deyil. Bu texnologiya artıq bir müddətdir ki, mövcuddur. Stream şirkəti bu texnologiyaya yenilik gətirərək öz sahəsində bir ilk olan daha geniş ekrana və keyfiyətli displeyə malik TV istehsal edəcək.

Şirkətin verdiyi məlumata görə onların sahib olduğu alqoritm imkan verir ki, bu yeni TV məşhur Netflix, YouTube, Blu-ray və s. pleyerlərdəki videoları da həmin displeyə uyğunlaşdırsın.

Şirkət bu yeni məhsulda Ultra-D TV texnologiyasından istifadə edəcək. Məlum olduğu kimi Ultra-D TV texnologiyası 3D görüntüləri eynəksiz görmə imkanı verir. Verilən məlumata görə yeni televizorlar 60 inç displeyə malik olacaq və Ultra-DT 2160p adlanacaq. Qiymət barəsində yetərli məlumat verilməsə də, şirkət qiymətləri mövcud texnologiya ilə rəqabətə uyğun tutacağını bildirib.

Bundan əlavə Stream şirkəti eynəksiz 3D texnologiyasını yaxın gələcəkdə planşet, smartfon və kompüter cihazlarında da istifadə etməyi planlaşdırdığını da açıqlayıb.