İlin ən yaxşı ağıllı telefonu

ABŞ İstehlakçılar İttifaqının nüfuzlu Consumer Reports jurnalı təxminən bir ay bundan əvvəl bazara çıxarılan Galaxy S4 smartfon modelinin alıcılarının rəyini tədqiq edib. Müəyyən olunub ki bu cihaz mövsümün ən yaxşı smartfonları reytinqinə başçılıq edərək əvvəlki lider LG Optimus G modelini qabaqlayıb. Galaxy S4 HTC One (3-cü yer), Samsung Galaxy S3 (4) və Apple iPhone 5 (5) modellərini də geridə qoyduğunu bildirək.

Məlumata görə , mütəxəssislər Full HD təsvir ölçüsünə malik keyfiyyətli 5 düymlü displeyi, rahat funksionallığı və mobil qurğudan televizor və digər elektronika üçün uzaqdan idarə olunan pult qismində istifadə etməyə imkan verən infraqırmızı ötürücünü qeyd edərək, bu xüsusiyyətlərin Samsung S4-ün fərqləndirici xüsusiyyətləri hesab ediblər. Consumer Reports nümayəndələri Samsung-un qabaqcıl smartfonundakı kameranı fotoşəkillər çəkmək üçün ən yaxşılardan biri hesab ediblər.

 

Qeyd edək ki, ABŞ jurnalı reytinqi geniş sınaqlar və ictimai rəyin qiymətləndirilməsi əsasında tərtib edir. Bu prosesdə istifadə rahatlığı, səsli rabitənin keyfiyyəti, avtonom rejimdə iş vaxtı, displeyin imkanları və s. əsas amillər kimi götürülür.

 

Səhifələrində müxtəlif məhsul və xidmətlərə dair şərhlər əks olunan Consumer Reports jurnalında kommersiya xarakterli reklam yerləşdirilmir və istehsalçılardan məhsulların pulsuz nümunələri qəbul olunmur. Buna səbəb isə rəylərdə maksimal qərəzsizliyin və müstəqilliyin qorunmasıdır.