İKT Sahəsində Siyasət Müzakirə Olunur

Bu gün Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə Beşinci Telekommunikasiya/İKT Siyasəti Beynəlxalq Forumu işinə başlayıb.

Forum iştirakçıları 3 gün ərzində internetlə bağlı beynəlxalq dövlət siyasəti, o cümlədən trafik mübadiləsi məntəqələrinin yaradılmasının stimullaşdırılması, daha fəal artım və genişzolaqlı birləşmələrin inkişafı üçün əlverişli mühitin təmin edilməsi, IPv6 protokolunun təşəkkülü və başqa məsələləri nəzərdən keçirəcəklər.

Forum informasiya-kommunikasiya texnologiyaları sahəsində hazırda sürətli dəyişikliklərin baş verməsi nəticəsində əmələ gələn siyasətin əsas məsələləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün beynəlxalq səviyyəli tədbirdir. Tədbirdə müzakirələrin təşviqi, eləcə də hazırda ümumi qlobal siyasi baxışları, dünyada İKT-nin tənzimlənməsi və standartlaşdırılması üzrə səyləri əks etdirən konsensusun hazırlanması nəzərdə tutulur.