Hüseyn Abdulla: “Həyatı elmə həsr etməyin və bununla xoşbəxt həyat sürməyin böyük bir nümunəsidir Lütfi Zadə”

Hüseyn Abdulla orta məktəbi 2011-ci ildə Qızıl Medalla bitirib. Ali Məktəbə 690 balla Prezident Təqaüdçüsü kimi qəbul olub. 2015-ci ildə Qafqaz Universitetindən ən yüksək akademik göstərici ilə Universitet Birincisi kimi məzun olub. Hal-hazırda isə  ABŞ-da Berkli Kaliforniya Universitetində Sənayə Mühəndisliyi və Əməliyyatlar Tədqiqi üzrə magistr təhsili alır. ABŞ-da dahi alimimiz Lütfi Zadə ilə də görüşməyə imkan tapan Hüseyn, bu görüşdən özü üçün bir çox nəticələr çıxarıb. Sonda Hüseynin gənclərimizə bir neçə məsləhəti də var…

– Əvvəlcə özünüzü təqdim edərdiniz.

Salam. Əvvəlcə müsahibə dəvətinizə görə təşəkkür edirəm, NOD Magazine sevərək təqib etdiyim texnologiya portallarından biridir, gördüyünüz işin olduqca təqdirəlayiq səviyyədə olduğunu qeyd etməyə bilmərəm. Mənim adım Hüseyndir, hal-hazırda Berkli Kaliforniya Universitetində Sənayə Mühəndisliyi və Əməliyyatlar Tədqiqi üzrə magistr tələbəsiyəm, təhsilimi “Xaricdə Təhsil üzrə Dövlət Proqram”ı çərçivəsində davam etdirməkdəyəm. Bundan öncə bakalavr təhsilimi Qafqaz Universitetində yenə oxşar istiqamət üzrə almışam. Tam orta təhsilimi isə Sabunçu rayonu 72 saylı məktəb-liseydə başa vurmuşam.

– Necə oldu ki, təhsilinizi ABŞ-da davam etdirdiniz?

Bakalavr təhsilimə yenicə başlarkən xaricdə magistr təhsili almaq planlarım var idi. Lakin konkret olaraq ABŞ üzərində qəti qərar qılmağım tədricən baş verdi, hətta deyərdim ki, üçüncü kursa başlarkən. Buna əsas səbəb təhsil aldığım ixtisas üzrə dünyadakı ən keyfiyyətli akademik proqramların ABŞ-ın nüfuzlu universitetləri tərəfindən təklif edildiyini görməyim oldu, istər tədqiqat işlərinin həcmi, istər kurrikulum genişliyi və dərinliyi cəhətdən. Doğrudur, bu sahədə Uzaq Şərqdə yerləşən universitetlər də kifayət qədər uğurlu hesab edilir, lakin sonda ABŞ seçimimə səbəbin həm də ingilis dilinin dövlət dili olması, eləcə də daha beynəlmiləl profilə sahib bir ölkə olmasını qeyd edə bilərəm.

– Təhsildə uğuru nədə görürsünüz?

Təhsildə uğur məncə ilk növbədə “Mən nə üçün təhsil almalıyam?” sualına adekvat cavab tapmaqla başlayır. Təhsil prosesini hər kəsin keçməsi tələb olunan bir yol, müasir cəmiyyətdə yer tutmağın əsas tələbi kimi görmək əvəzinə, əqli və mənəvi özünüdərkə aparan, fərdi bacarıqları üzə çıxaran, gələcəklə bağlı hədəf və xəyallara bir körpü kimi görə bilmək zənnimcə uğur üçün çox vacibdir. Və bir də məqsədyönlü çalışmaq. Bu söz nə qədər sadə səslənsə də, mən hələ də cəmiyyətimizdə çalışqanlığın bir fərdi keyfiyyət kimi kifayət qədər təqdir edilmədiyi qənaətindəyəm. İnsanlar kimsə haqda çalışqandır deyiləndə elə də həyəcanlanmırlar, nəinki hansısa bir sahədə istedadı var deyiləndə. Çünki çalışmaq məhvumu daha asan təsəvvür ediləndir və əziyyətə bənzədilir, istedad isə insanların gözündə sehr, möcüzə kimidir; tam olaraq hardan gəldiyini bilmirsən, lakin bu elə də önəm kəsb eləmir, izləmək kifayət edir. Mənim gözümdə isə xüsusən elm və təhsildə məqsədyönlü çalışa bilməkdən daha böyük istedad yoxdur və uğura aparan yol da məhz burdan keçir deyə düşünürəm. Doğru zamanlamaları olan aralıq hədəflər və daha uzun vədəli planlar qurub bu doğrultuda səylə çalışaraq əldə edilməyəcək uğur, yəqin ki yoxdur.

11113883_823079114444221_7171792214671906605_n

– ABŞ-da təhsilinizi başa vurduqdan sonra hansı işləri görmək niyyətiniz var? Öz sahənizdə əsas məqsədiniz nədir?

ABŞ-da magistr təhsilini bitirdikdən sonra doktorantura təhsili almaq da istəyirəm, akademik kariyera arzusundayam. Hazırda akademik kariyeranın məni daha çox çəkən elementinin tədqiqat yox, təlim-tədris fəaliyyəti olduğunu etiraf etməliyəm, biliyi paylaşmaq, insanları təhsilə və elmə ruhlandırmaq, bu yolda yönləndirmək, ilham vermək fikri mənə həmişə həyəcanverici gəlib və özümdə bunu bacara biləcəyim inancını daşıyıram. Əlbəttə ki, bu “missiya”nı Vətənimdə yerinə yetirməyi xəyal edirəm. Lakin təbii ki, hələ ki öz biliyimi daha da dərinləşdirməyə və təcrübə toplamağa ehtiyacım var. Bu səbəbdən təhsilimin bundan sonrakı hissəsini də yenə dünyanın qabaqcıl təhsil və tədqiqat institutlarından birində davam etdirmək istəyirəm.

Sahəmi seçərkən ağlımda ölkəmiz üçün yaxın gələcəkdə bu sahədə öyrənilən prinsip və təcrübələrinin tətbiqinə böyük ehtiyac duyulacağı təxmini vardı və hazırda baş verən hadisələr elə də yanılmadığımı göstərir. Məncə ölkə sənayesinin şaxələndirilməsi həll edilməsi vacib yeganə məsələ deyil. Dayanıqlı böyüməni və rəqabətliliyi təmin etmək üçün həm də yüksək keyfiyyət və səmərəni də təmin etməliyik. Bu təkcə yeni zavodlar, ən son texnologiya əsasında qurulmuş müəssisələr işə salmaqla mümkün olmayacaqdır. Sənayedə optimal idarəetmə fəlsəfəsi formalaşdırmalıyıq, mənfəətə aparan yolun təkcə yüksək gəlirdən yox, həm də aşağı xərcdən keçdiyi fikri oturdulmalıdır. Odur ki, gələcəkdə sahəmlə bağlı başlıca hədəflərimdən biri ölkəmizin biznes və sənaye mühitində bənzər sahələri təmsil edən digər peşəkarlarla birgə ixtisaslaşmaqda olduğum sahənin çoxşaxəli tətbiq imkanları barədə effektiv təbliğat aparmaq, yerli şirkətlərimizin elmi idarəetmə prinsiplərini mənimsəmə prosesinə dəstək olmaq və bu yolla ciddi qənaət və qazanc mexanizmi formalaşdıra biləcəklərini əyani şəkildə, konkret layihələrlə göstərməkdir. Bunun üçün xüsusilə korporativ təlim və konsaltinq fəaliyyəti ilə məşğul olmaq da gələcək planlarım arasındadır.

– ABŞ ilə ölkəmizdəki ali təhsil arasında nə kimi fərqlər var?

Təbii ki, ABŞ dünyada xüsusilə ali təhsil sisteminin keyfiyyətinə görə dünyada liderlərdəndir. Bu baxımdan müqayisə apararkən daha çox tarixi inkişaf yolundan qaynaqlanan yox, təhsilin təşkili və idarəedilməsi prosesinə ümumi yanaşmada müşahidə etdiyim bir neçə fərqi qeyd etsəm, yəqin ki daha münasib səslənər. Əsas fərqlərdən biri odur ki, burada ali təhsilin mahiyyəti daha çox fərdi axtarış və üzərində qurulub, nəinki müəllimdən tələbəyə bilik ötürülməsi və eyni biliklərin geri soruşulması şəklində. Yəni həqiqətən də, tələbədən bir çox hallarda öyrədiləndən daha çoxunu özünün öyrənməsi gözlənilir, dərslər daha çox istiqamətverici mahiyyət daşıyır. Belə olan təqdirdə tələbələr dərs xaricində də öz professorları yaxud onların assistentləri ilə görüşməkdəki, qrup yoldaşları ilə birgə çalışmaqdakı, qarşılıqlı müzakirələr aparmaqdakı dəyəri görürlər və beləcə müəllim-tələbə, eləcə də qrupdaxili münasibətlər öyrənmə nöqteyi-nəzərdən daha effektiv olmağa başlayır, sağlam rəqabət və kooperasiya mühiti paralel formalaşır. Belə bir təhsil mühiti gəncləri iş dünyasına da psixoloji cəhətdən daha hazır hala gətirir.

Digər tərəfdən ABŞ-da mənə görə dünyanın bir çox inkişaf etmiş ölkələrindən də xeyli fərqlənən təhsilin idarə edilməsi sistemi mövcuddur. Burada professor müəllim heyətinin birbaşa təlim-tədris və tədqiqatla əlaqəsi olmayan, administrativ və inzibati işlərə sərf etdiyi vaxt və enerji minimuma endirilib. Məsələn, müəllimlərin dərs jurnalları, cədvəlləri ilə məşğul olması, xüsusi imtahan kağızlarından istifadə edilməsi, onların sonradan uzun müddət arxiv halında saxlanılması, imtahan nəticələrini yoxlamaq üçün xüsusi komissiya təşkili, formal appelyasiyalar və s. kimi təhsil prosesinə mürəkkəblik qatan və mənə görə qeyri-məhsuldar təcrübələrin çoxu ümumiyyətlə mövcud deyil. Lakin bununla belə universitet tərəfindən aydın bəyan edilmiş qayda-qanunlar olduqca sadələşdirilmiş belə təhsil prosesisindən meydana gələ biləcək sui-istifadə hallarının da qarşısını almağa kifayət edir. Nəticə olaraq bu akademik heyətin vaxt və enerjilərini tələbələrə və tədqiqat işlərinə daha çox yönləndirmələrinə kömək edir. Məncə bu sistemin işləməsinin vacib bir səbəbi də təhsil verən və alan arasındakı qarşılıqlı inam və anlayışdır. Bu barədə xüsusilə düşünməliyik.

11754265_872849359467196_5913680133220199298_n

– Necə oldu ki, Lütfi Zadə ilə görüşdünüz? 

Lütfi Zadə ilə görüşmək üçün bundan əvvəl də cəhdim olmuşdu, bunun üçün Kompüter və Elektrik Mühəndisliyi Kafedrasındakı ofisinə də getmişdim, lakin Professorun artıq daha çox evindən işlədiyi, daha çox seminarlara qatılmaq üçün Universitetə gəldiyi deyilmişdi. Sonda Professorun evində baş tutan görüşümüz isə Los Angeles Kaliforniya Universitetində qaraciyər transplantasiyası sahəsi üzrə ixtisasartırma keçən mənim də yaxın qohumum olan Doktor Vüsal Əliyevin təşəbbüsü ilə alındı.

– Lütfi Zadə ilə görüş hansı hisləri keçirdiniz?

Təbii ki, çox unudulmaz bir görüş oldu. Bir tərəfdən Lütfi Zadə sahəsində ən önəmli elm insanlarından biridir, həm də oxuduğum Universitetin də ömürlük professorudur. O, bugünkü ağıllı cihazların bir çoxunun çalışma fəlsəfəsini təklif etmiş şəxsdir, bunun özü də təkcə şərəf hissi keçirməyə kifayət edirdi. Digər tərəfdən isə Lütfi Zadə Azərbaycan əsillidir, hər birimizin fəxr etdiyi bir şəxsiyyətdir. Professorun Azərbaycanı, Bakıya bütün ziyarətlərinin tarixlərinədək xatırlamasını, hələ də ölkəmizlə yaxından maraqlanmasını görmək də xüsusi gözəl bir hiss yaradırdı. Cəmi 11 il yaşamış olmasına baxmayaraq Azərbaycanın onun üçün hələ də olduqca önəmli bir yerə sahib olduğunu şəxsən görüb hiss etmək təbii ki, izahı çətin bir təəssürat yaratdı.

– Bu görüşdən hansı nəticəni çıxartdınız?

95 yaşında olmasına baxmayaraq hələ də aktiv tədqiqat işi ilə məşğul olan qocaman bir elm xadimi ilə görüşdən çıxarılacaq ən böyük nəticə? Əlbəttə ki, öyrənmənin yaşının olmaması həqiqəti. Həyatı elmə həsr etməyin və bununla xoşbəxt həyat sürməyin böyük bir nümunəsidir Lütfi Zadə.

Görüş əsnasında bir daha əmin olduğum digər bir məqam isə sadəliyin, təvazökarlığın insanın şəxsiyyətinə böyük bir alilik qatmasıdır, qazanılmış bütün uğurlara və adlara baxmayaraq.

12734189_952160564869408_6002131498103327338_n

– Azərbaycanlı tələbələrə uğur əldə etmək yolunda hansı məsləhətləri verə bilərsiniz?

Mən Azərbaycan gəncliyinin intellektual potensialının olduqca yuxarı səviyyədə olmasına inanıram, bu baxımdan elm və təhsildə böyük uğurlar gənclərimiz üçün labüddür. Təkcə öz sosial çevrəmdə ölkəmizin, cəmiyyətimizin, həmçinin içində yaşadığımız dünyanın gələcəyində öz işləri ilə müsbət mənada fərq yarada biləcək bilik və bacarıqda neçə azərbaycanlı gənc tanıyıram. Tövsiyə verməyə gəlincə, nacizanə fikrimcə uğur əldə etmək üçün ilk növbədə bizim üçün yaradılmış (başda ailəmiz, peşəkar çevrəmiz, eləcə də dövlətimiz tərəfindən), həmçinin özümüz üçün yarada biləcəyimiz imkanlar, fürsətlər barədə düşünmək lazımdır. Fürsətlər qaçdıqda kimisə günahlandırmaq yox, vaxt itirmədən yenilərinin ovuna çıxmaq lazımdır. Necə deyərlər, A-dan Z-yə planlar mövcud olmalıdır, növbəti ən yaxşı alternativ nədir sualına cavab axtarmaq lazımdır, beləcə heç bir uğursuzluq bizi ruhdan sala bilməz. Bir də böyük hədəflər qoymaq lazımdır, hətta başlanğıc üçün nə dərəcədə real, əlçatan olduqlarını düşünmədən. Mənim ən yaradıcı, innovativ, hərtərəfli və yüksək motivasiyalı insanlardan biri hesab etdiyim və şəxsi heyranlıq duyduğum rejissor və ssenarist Ceyms Kameronun çox sevdiyim bir sözü var: “Hədəflərinizi elə yüksək səviyyələrdə müəyyən edin ki, sizin uğursuzluqlarınız başqalarının uğurlarının da üstündə olsun”. Zənnimcə bu nə demək istədiyimi ən gözəl şəkildə ifadə edir. Sonda gənc yoldaşlarımız istərdim ki, “çalışmaq”ın açar söz olmasını unutmasınlar, ancaq nəzərə alsınlar ki, çalışmanın ölçüsü zaman deyildir, böyük bir hədəfə atılmış kiçik, diqqətlə atılmış addımların sayıdır. Odur ki, son sözüm, addımlarınız möhkəm və uğurlu olsun!

Fərid Qarazadə

One comment

Comments are closed.