Huawei Nokia işçilərini himayəsinə götürür

Çinin telekommunikasiya cihazlarının istehsalçısı Huawei Technologies ABŞ üçün təhlükəli hesab edildikdən sonra, indi də fikrini Avropaya yönəldib. ABŞ-da mövqelərini möhkəmləndirmək əvəzinə çinlilər digər ölkələrdə öz üstünlüklərini artırmaq qərarına gəldilər. Seçimləri isə Avropa oldu.

Xüsusi olaraq, şirkət işçilərini artırmaq, yeni smartfon və planşetlərin hazırlanması üçün Avropada araşdırma mərkəzi açmağı planlayır. Yayılan məlumatlara görə Huawei Nokianın öz işçilərini ixtisara saldığı Finlandiyada araşdırma mərkəzinin açılışına 70 milyon avro investisiya qoyacaq. Ehtimal olunur ki, Huawei Nokiadan ixtisara düşmüş mühəndis və proqramistləri işə cəlb etmək istəyir.

Yeni mərkəz Huawei məhsulları üçün lazımi proqram təminatının yazılması, həmçinin Android və Windows Phone 8 əməliyyat sistemlərinin inteqrasiyasına yönələcək. İlkin olaraq mərkəzdə 30 nəfər çalışacaq, amma yaxın beş ildə onların sayı 100-ə qədər artacaq.

Hal-hazırda Huawei  Avropa ərazisində 7000 işçiyə sahibdir. Şirkətin artıq İtaliyada R&D mərkəzi var, əlavə olaraq İspaniyada da birini açmaq planlaşdırılır. Ümumi olaraq, ilk beş il üçün çinlilər avropalı işçilərinin sayını 14000 çatdırmağı hədəf qoyublar.