Google Now : Androiddən Yenilik

Səs tanıma və səsli axtarış sistemini telefonlarda ilk olaraq Apple şirkətindən gördük. Bundan sonra hər hansı şirkət səsli axtarış sistemini gətirsə Apple Siri-nin kopyası yaxud davamçısı kimi görünəcəkdi. Bu həqiqətən də belədirmi? Google Now layihəsinin rəhbərləri bu iddia ilə qismən razılaşsalar da Siri ilə Google Now arasında bəzi ciddi fərqlərin də olduğunu qeyd edirlər.

Google Now yeni nəsil Androidlərdə mövcud olacaq səsli axtarış sistemi olacaq. Bu yeni tətbiqetməni Google Voice Search-lə eyniləşdirənlər də var. Google rəsmiləri isə iki layihə arasında xeyli fərq olduğunu deyir.

Əsas Funksiyalar

Google Now-la siz yaxınlıqdakı avropa restoranlarını soruşub ora istiqamət ala bilərsiniz. Yaxud danışaraq mesaj yaza bilərsiniz. Belə ki, “Leylaya mesaj yaz, ad günün mübasibətilə təbrik edirəm” dediyiniz təqdirdə söylədikləriniz mesaj formasında göndəriləcək. Mesaj və yaxınlıqdakı obyektləri axtarmaqdan başqa siz elmi bir sual, yaxud çox geniş bir axtarış da edə bilərsiniz. Məsələn, “Günəşin temperaturu nə qədərdir?”, “SOCAR səhmlərini hazırki qiyməti nə qədərdir?”, “Yaxınlıqdakı ən hündür zirvələr hansılardır?”, “İstirahət mərkəzlərini sırala” kimi sual və əmrlərinizə cavab tapa bilərsiniz. Siri-dən ən üstün cəhəti isə Google Now layihəsinin arxasında ən nəhəng axtarış sisteminin durmasıdır.

Hardan Əldə Etmək Olar?

Google Now sadəcə iki cihazda, Samsung Galaxy Nexus və Nexus 7-də mövcuddur. Nexus 7-nin çox uğurlu satışlarını nəzərə almasaq hələki çox yayılmayan bu məhsul Android 4.1 əməliyat sisteminə uyğun hazırlanıb. Bir müddət sonra hər hansı bir cihazda Android 4.1 sistemi mövcuddursa yeni səsli axtarış tətbiqetməsindən istifadə etmək mümkün olacaq.