Google Maşınlar Kaliforniyada

Bildiyiniz kimi artıq uzun müddətdir Google şirkəti və bir sıra avtomobil şirkətləri özü-gedən maşınlar üzərində çalışırlar. Kaliforniyanın qubernatoru Jerry Brown artıq özü-gedən Google avtomobillərinin ştatın küçələrinə çıxmasına icazə verən qərar imzalayıb. Brown Google şirkətinin baş qərargahında keçən bir mərasim sırasında bu qərarı imzalayıb. Brown deyib ki, “Biz özü-gedən Google avtomobilləri ilə fantastikanın elmə çevrildiyinin şahidi oluruq”.

Texnologiya nəhəngi Google Inc. və bir sıra digər şirkətlər radarlardan, kameralardan və sensorlardan istifadə edərək küçələrdə özü hərəkət edən və insan idarə etməsinə ehtiyac duymayan maşınlar üzərində çalışırdı. Google şirkətinin fikrincə kompüter tərəfindən idarə olunan avtomobillər insanlar tərəfindən idarə olunan avtomobillərdən daha təhlükəsiz olacaq.

“Bu avtomobillər qəzaların qarşısını alma potensialına malikdir. Biz bu avtomobillər sayəsində həyatlar xilas edə, yeni iş yerləri yarada və trafikdən xilas ola bilərik” deyib Google şirkətinin qurucularından olan Sergey Brin. O deyir ki, “özü-gedən avtomobillərin insanlar tərəfindən idarə olunan avtomobillərdən xeyli təhlükəsiz olacağını gözləyirəm”.