Google “I’m Feeling Lucky” Yeniliyi

Bildiyiniz kimi Google əsas səhifəsinə daxil olduğunuz zaman axtarış qutusunun aşağısında iki düymə mövcuddur: “Google Search” və “I’m Feeling Lucky”. Google-un Azərbaycan versiyasında bu “Google-da axtar” və “Mən şanslıyam” kimi tərcümə edilib. Artıq hər kəsə məlumdur ki, Google axtarış edərkən siz axtarış qutusuna yazmağa başladığınız zaman bir başa axtarış nəticələri görünməyə başlayır. Siz axtarış açar sözünü yazıb tamamlayana qədər axtarış nəticələri filtrlənir və ən yaxşı nəticələr siz yazıb tamamladığınız zaman görünür. “Instant Search” dediyimiz bu bir başa nəticələrin görünmə funksiyası “I’m Feeling Lucky” düyməsini uzun zamandır funksiyasız qoymuşdu. Google şirkəti bunu dəyişdirdi.

Artıq siz kursoru “I’m Feeling Lucky” düyməsinin üzərinə gətirdiyiniz zaman avtomatik olaraq “Lucky” sözünün yerinə “Trendy”, “Wonderful”, “Stellar”, “Hungry” və s. kimi təsadüfi seçənəklər çıxır. Bu düymələrdən birinə kliklədiyiniz zaman müvafiq nəticələr səhifəsinə yönləndirilirsiniz. Belə ki, “Lucky” düyməsi Google Logos səhifəsinə,  “Stellar” düyməsi Hubble Telescope səhifəsinə, “Wonderful” düyməsi World Wonders Project səhifəsinə yönləndirir və s.

Google Azərbaycan

Təəssüf ki, bu yenilik Google Azərbaycan səhifəsində baş verməyib. Düşünürəm ki, hətta bir sıra Google yenilik və fərqlilikləri Azərbaycana məxsus səhifədə baş tutmur. Hər halda bunu bizim tərəfimizdən diqqətsizlik kimi dəyərləndiririk. Google şirkəti ilə sinxron çalışmaq və Azərbaycana məxsus yeniliklər etmək bizim Google komandamız tərəfindən həyata keçirilməlidir. Ümid edirik ki, bu dəyişəcək.