Google Gözlüklərin Rəqibi

Google şirkəti hər zamanki yeniliklərindən birini də edərək Google Gözlüklərini bazara çıxaracağını elan edərkən hamının sevincinə və heyrətlənməsinə səbəb olmuşdu. Bu gözlüklər sayəsində Google istifadəçilərinin gözünün önünə xırda kompüter displeyi gətirməklə texnologiyadan istifadəni sadələşdirmək əsas məqsədlərdən biridir. Google şirkəti ilə yanaşı bazarda bir sıra bənzər texnologiyalar istehsal edən şirkətlər illərlə hərbi sənaye ilə əməkdaşlıq edir.

Yeni yayılan xəbərə görə həmin rəqiblərdən biri daha ciddi addım ataraq məhsullarını sadəcə hərbi sahə üçün deyil, bütün müştərilərə açıq elan etmək niyyətindədir. Vuzix adlanan bu şirkətin məhsulu Vuzix Smart Glasses M100 adlanır. Adlandırılması o qədər uğurlu sayılmasa da, bu məhsul mikrofon, qulaqlıq, kamera, hərəkət və GPS sensoru, bluetooth və WiFi qoşulma, displey və Android əməliyyat sistemini işlədə biləcək gücə malikdir. Bu Smart gözlüklərin gələcək il təxminən 500 dollar radələrində satışa çıxarılacağı güman edilir.

Şirkətin icraçı direktoru Paul Traversin verdiyi məlumata görə, məhsul sadə aksesuar kimi bazara daxil olsa da, gələcəkdə əməliyyat sisteminin imkanlarından istifadə edilərək yazılan tətbiqetmələr bu gözlükləri əvəzedilməz məhsul səviyyəsinə gətirəcək. Hazırki vəziyyətdə məhsul sadəcə smartfona quraşdırılmış tətbiqetmə sayəsində zəng edənin kimliyini və foto şəkil əks etdirmə imkanına malikdir. Gələcəkdə isə bu imkanlar təkmilləşdiriləcək.

Qeyd etmək yerinə düşər ki, məhsulun ilkin versiyası Las Veqasdakı “Consumer Electronics Show” zamanı sınaqdan çıxarılmışdı. Traversin verdiyi məlumata görə məhsulun ilkin versiyaları artıq Pentaqonun araşdırma agentliyi hesab olunan DARPA-ya satılıb.