Facebook Mesajları Yenidən Dizayn Etdi

Facebook şirkəti mesajlar bölməsini yenidən dizayn etdiyini və idaretmə panelinə, mesajların görünüşünə və axtarışa yeniliklər əlavə etdiyini bildirdi. Verilən məlumata görə yeni dizayn bir çox email klientlərində mövcud olan görünüşə çox bənzəyir. Belə ki, solda aşağı və yuxarı sürüşdürülə bilən mesajların siyahısı və siyahının üstündə axtarış formu, sağda isə seçilmiş mesajın və dialoq görünəcək.

Şirkətin açıqlamasına əsasən axtarış sistemi daha da təkmilləşdirilib. Yenilənmiş dizaynda Facebook istifadəçiləri mesajları göndərənə, mesajlarda keçən ifadəyə və hər hansı açar sözə görə axtara biləcəklər. Eyni zamanda şəkillərin və media faylların paylaşılması təkmilləşdirilib.

Bu gündən etibarən Facebook istifadəçilərinin sadəcə kiçik bir qrupu bu yeniliyi öz profillərində görə biləcəklər. İki həftə sonra isə bu yenilik bütün istifadəçilərin profilinə əlavə olunacaq.

Facebookun bu yeniliyi barəsində nə düşünürsünüz?