“Elektron təhsil” müsabiqəsi start götürüb

Aprelin 9-da Təhsil Nazirliyi “Elektron təhsil” Respublika müsabiqəsinə start verib.

Azərbaycanda ənənəvi olaraq keçirilən müsabiqə Dr. Web, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Mədəd Azərbaycan və Nar Mobile tərəfindən dəstəklənir.

Müsabiqənin rəsmi internet-səhifəsi – www.musabiqe.edu.az saytıdır.

Müsabiqə iki istiqamət üzrə təşkil olunub:“Müasir məktəbdə elektron tədris resursları” və “Təhsildə internet texnologiyaları”. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet  texnologiyalarından  tədris prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını aşkar etmək və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

“Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan materiallar təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər “Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyası üzrə müəyyən olunacaqlar.

“Təhsildə  internet texnologiyaları” istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu internet resursları və bloqlar təqdim edilə bilər. Qaliblər “Təhsildə internet resursları” və “Müəllimlərin bloqları” nominasiyaları üzrə müəyyən olunacaqlar.

Müsabiqədə 3 nominasiya üzrə qaliblərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq.

Qeyd etmək lazımdır ki, müsabiqə artıq dördüncü ildir keçirilir və 2010-2012-ci illərdə keçirilən müsabiqələrdə ümumi olaraq 2000-dən artıq layihə təqdim edilib.

mənbə: http://www.mincom.gov.az