DayZ Müstəqil Oyuna Çevrilir

Ən son yayılan xəbərlərə görə ARMA II oyunun zombilərdən xilas olma modu kimi yayımlanan DayZ artıq müstəqil oyun kimi istehsal olunacaq. ARMA II oyunundakı bu modun “developer”i olan Dean “Rocket” Hall öz bloqunda müstəqil hazırlanacaq DayZ oyununda layihə rəhbəri olacağını və oyunun Bohemia Interactive (ARMA oyunlarının istehsalçısı) tərəfindən yayımlanacağını bildirib. “Rocket” bloqunda oyunun kifayət qədər ucuz qiymətdən satışa çıxarılacağı xəbərini də verib.

ARMA II oyununda cəmi 6 ay yayımlanan DayZ modu o qədər məşhurlaşıb ki, təxminən 1 milyon unikal istifadəçiyə çatıb.  Steam-də ən çox satılan oyunlar sırasına qoşulan ARMA II oyununun satışlarını bu qədər artıran DayZ modunu şirkətin müstəqil oyun kimi istehsal etmə qərarı heç də təəccüb doğurmur.

Artıq DayZ oyunu üçün saytın yayımlanmış olmasına baxmayaraq məzmun kasadlığı mövcuddur. Yeniliklər və layihənin gedişatı haqqında məlumat almaq üçün sayta baş çəkə bilərsiniz.