Cenevrədə Genişzolaqlı Rabitənin Üstünlükləri Müzakirə Ediləcək

Mayın 14-16-da Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə Beşinci Telekommunikasiya/İKT Siyasəti Beynəlxalq Forumu işinə başlayacaq.

Tədbirdə Azərbaycanı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə təmsil edəcək.

Ənənəyə uyğun olaraq forumun açılışa bir gün qalmış – mayın 13-də “Gələcək üçün genişzolaqlı rabitənin əsaslarını yaradaraq” mövzusunda strateji dialoqa həsr edilən sessiya keçiriləcək.

Strateji dialoq genişzolaqlı rabitənin tərəqqisi üçün əsas platforma kimi əhəmiyyətinin müsbət anlamına əsaslanır və genişzolaqlı rabitə məsələlərinin üstünlüklərini, onun tənzimlənməsinin əsaslarını və şəbəkələrin gələcəyini tədqiq edir. Sessiyada genişzolaqlı inqilab və genişzolaqlı rabitənin müasir qlobal iqtisadiyyatda vacib infrastruktur kimi əhəmiyyətinin təhlili, eləcə də inkişafın sürətləndirilməsi üçün onun üstünlükləri ilə bağlı müzakirələr aparılacaq.