Bakıda Web Texnologiyalar Mövzusunda Beynəlxalq Konfrans Keçiriləcək

İKT sahəsinin durmadan inkişaf etdiyi müasir dövrdə yeni əlaqələr yaratmaq, təhsil mübadiləsini genişləndirmək, beynəlxalq əməkdaşlıqlar olduqca vacibdir. Bu səbəbdən 6-7 İyul 2013 tarixində Azərbaycan və Gürüstandan olan təşkilatçıların birgə əməkdaşlığı nəticəsində web texnologiyalar mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Gürcüstan Universitetinin “UG-Group”u və Azərbaycanın təhsil portalı olan “İlk Addımlar”ın təşkilatçılığı ilə keçiriləcək web konfransda Facebook, Yandex, Oracle,Microsoft, Softline, ITDC kimi dünyaca məşhur şirkətlərin rəsmi nümayəndələri iştirak edəcək.

Konfransı keçirməkdə təşkilat komandasının məqsədi belə bir konfransı reallaşdırmaqla beynəlxalq və yerli ekspertlərin öz təcrübələrini gənc proqramçılara ötürməsinə yardımçı olmaq, faydalı informasiya mübadiləsini genişləndirməkdir.

Bundan əlavə konfransın əsas məqsədi yeni əlaqələrin qurulması, yerli mütəxəssislərin iş keyfiyyətinin yüksəldilməsi, dünya üzrə web inkişaf sahəsində Qafqaz regionunun aktiv iştirakçılarını nəzərə çarpdırmaq, Azərbaycanın İKT sahəsində dünyaya daha çox inteqrasiyasını təmin etməkdir.

Konfransla bağlı ətraflı məlumat üçün: http://caucasuswebcon.com ünvanına müraciət edə bilərsiniz.